Bakıda qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
Bakı, 20 avqust, AZƏRTAC
Bu yarışın Bakıda təşkil edilməsi ölkə idmanının inkişafı üçün önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov Bakıda keçiriləcək qazax güləşi üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.
O, turnirdə 24 ölkənin iştirak edəcəyini bildirib: "Əlimizdən gələni edib, dünya çempionatını yaxşı səviyyədə təşkil etmək istəyirik. Qazax güləşi bu turnirdə ölkələr arasında dostluq əlaqələrini də genişləndirəcək".
Qurumun vitse-prezidenti Samir Abdullayev də turnirin Bakıda təşkilinin sevindirici məqam olduğunu qeyd edib: "Ümid edirəm ki, hər kəs dünya çempionatından həzz alacaq. Turniri yaxşı səviyyədə təşkil etmək istəyirik".
Baş katib Seymur Qurbanov daha əvvəl də Bakıda qazax güləşi üzrə turnirin baş tutduğunu xatırladıb: "Həmin vaxt 20-yə yaxın ölkə iştirak etmişdi. Artıq dünya çempionatının maskotu da bəllidir. Bunlar Aslan və Batırdır. Bildiyiniz kimi, Bakı 2026-cı ilin idman paytaxtı seçilib. Turnirin də məhz bu ilə təsadüf etməsi müsbət məqamdır".
Yarış avqustun 22-23-də Bakı İdman Sarayında təşkil olunacaq. Dünya çempionatına 24 ölkədən ümumilikdə 200-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda 8 qız və 8 oğlan olmaqla, ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kiloqram), Eyvaz Baxşıyev (60 kiloqram), Mirfəttah Seyidəliyev (65 kiloqram), Elvin Bağırov ( 74 kiloqram), Adil Adilzadə (90 kiloqram), Tuncay Şamil (100 kiloqram) və Məmməd Məmmədzadə ( +100 kiloqram), qadınlar arasında isə Mələkxanım Məmmədova (48 kiloqram), Aynur Əfəndiyeva ( 52 kiloqram), Fidan Hüseynova (56 kiloqram), Leyla Atayeva (60 kiloqram), Məryəm Mehdiyeva (65 kiloqram), Günel Həsənli (70 kiloqram), Diana Şoranova (77 kiloqram) və Nigar Süleymanova (+77 kiloqram) çıxış edəcəklər.
Müxbir - Cavid Əliyev