RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Avqustun 23-də Prezident sarayında İordaniyanın Kralı əlahəzrət II Abdullanın rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev İordaniyanın Kralı II Abdullanı səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Kral II Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri İordaniyanın Kralı əlahəzrət II Abdullaya, İordaniya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.