“PREZİDENT SEÇKİLƏRİNDƏN ÖTƏN BİR İL: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Milli Məclis deputatlarının, konstruktiv müxalifətdə olan siyasi partiyaların rəhbərlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin, tanınmış ziyalıların nümayəndələrinin iştirak etdikləri tədbiri YAP-ın içracı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açaraq bildirmişdir ki, dövlətimizin başçısı seçki prosesində xalqa verdiyi vədlərə əməl etmiş, ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq olduğunu əməli fəaliyyəti ilə təsdiqləmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müddətdə görülən işlər ötən il oktyabrın 15-16-da Bakı şəhərində dağıdıcı müxalifətin nümayəndələrinin törətdikləri bəd əməllərə verilən ən layiqli cavabdır.
Dövlətimizin başçısının hər bir problemə əsil vətəndaşlıq qayğısı ilə yanaşdığını bildirən icraçı katib vurğulamışdır ki, ölkə vətəndaşları görülən tədbirlərin bəhrəsini öz həyatlarında hiss edirlər.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri SƏTTAR SƏFƏROV bir il ərzində ölkədə həyata keçirilən iqtisadi siyasətin nəticələrindən danışmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurla həyata keçirildiyini bildirən komissiyanın sədri demişdir ki, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, ümumi daxili məhsulun həcminin artması, xarici ticarət əlaqələrinin genişləndirilməsi və digər göstəricilər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsinin göstəricisidir.
Cari ildə ölkəyə cəlb olunan xarici sərmayənin ötən illərlə müqayisədə xeyli artığını və bunun mühüm göstərici olduğunu xatırladan Səttar Səfərov əminliklə vurğulamışdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin nəticələri yaxın illərdə özünü daha parlaq şəkildə göstərəcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov Azərbaycan Prezidentinin xarici siyasət sahəsindəki fəaliyyətindən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işləri, xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqları, imzalanmış sənədləri yüksək qiymətləndirmişdir. Azərbaycanın tarazlaşdırılmış siyasəti davam etdirərək, bütün dövlətlərlə mehriban münasibətlər qurduğunu, ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən dövlətlərin sayının artdığını söyləyən S.Seyidov demişdir ki, beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər Ermənistanın təcavüzkar olduğunu bəyan edir, bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər.
Partiyanın icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ölkəmizdə həyata keçirilən demokratik islahatlardan, söz və mətbuat azadlığının qorunması istiqamətində görülən tədbirlərdən, fikir sərbəstliyinin təmin olunmasından danışmışdır. O demişdir ki, Prezident İlham Əliyev verdiyi əfv fərmanları ilə humanist siyasətçi olduğunu, eləcə də hüquqi dövlət quruculuğu ənənələrinə sadiqliyini sübut etmişdir. Müxtəlif dövləti cinayətlərə görə, məhkum olunmuş şəxslərin əfv olunması beynəlxalq siyasi dairələr tərəfindən müsbət qarşılanmışdır.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konstruktiv müxalifətdə olan siyasi partiya rəhbərlərinin “dəyirmi masa”da iştirak etməsini demokratiyanın, fikir azadlığının təzahürü kimi dəyərləndirmişdir. O bildirmişdir ki, dövlətimizin başçısı bir il ərzində həlli mümkün olan bütün işləri görmüşdür. Bütün bu işlərə kölgə salmağa çalışan dağıdıcı müxalifət qüvvələrinin iddialarının heç bir əsası yoxdur. Azərbaycan demokratik ölkədir, hər kəs istədiyi fikri deyə bilər. Bu, demokratiyanın tələbidir. Lakin cəmiyyət üçün zərərli fikirləri reallaşdırmağa cəhd göstərmək demokratiya sərhədini aşıb cinayət mərhələsinə qədəm qoymaqdır.