Prezidenti seçkiləri Ağdərə şəhərində də yüksək səviyyədə təşkil edilib
Ağdərə, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Ağdərə şəhərində də yüksək səviyyədə təşkil edilib.
97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Ağdərə şəhərində yaradılmış 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait var. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Məntəqə üzrə 154 seçici qeydiyyatdan keçib. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.
Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə iki seçki məntəqəsi işğaldan azad edilmiş ərazilərdə yerləşir. 58 saylı seçki məntəqəsi Suqovuşan qəsəbə tam orta məktəbində, 59 saylı seçki məntəqəsi isə Ağdərə şəhər mədəniyyət evində yaradılıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.