PREZİDENTİN İCRA APARATININ RƏHBƏRİ, AKADEMİK RAMİZ MEHDİYEVİN ÇIXIŞI
- Hörmətli toplantı iştirakçıları,
Yaradıldığı dövrdən başlayaraq ölkə bələdiyyələrinin həyatı formalaşma, inkişaf və quruculuq illəri kimi yadda qalacaqdır. Bu illər ərzində bələdiyyələr tərəfindən həll edilmiş yerli əhəmiyyətli sosial məsələlər - inşa edilmiş çoxsaylı uşaq bağçaları, ambulatoriyalar, feldşer-mama məntəqələri, təmir edilmiş məktəb və xəstəxana binaları, kənddaxili və məhəllədaxili yollar, sakinləri bilavasitə narahat edən məişət xarakterli məsələlərin həlli, əhalinin sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş layihələr belə düşünməyə əsas verir. Bələdiyyələrin nail olduğu ən dəyərli uğur isə odur ki, onların cəmiyyətdəki mövqeyi get-gedə möhkəmlənir, seçicilərin onlara olan etimadı artır, bələdiyyələr yerli özünüidarəetmə təsisatı kimi üzərlərinə düşən vəzifələri daha dolğun və keyfiyyətlə icra edirlər.
2007-ci il iyunun 27-də Bakı şəhərində keçirilmiş bələdiyyə sədrlərinin I toplantısı ölkə bələdiyyələrinin həyatında mühüm hadisə oldu. Biz mövcud problemləri birgə ətraflı müzakirə etdik, növbəti inkişaf mərhələsində qarşıda duran vəzifələri, inkişaf perspektivlərini müəyyənləşdirdik. Bugünkü toplantı artıq bələdiyyələrimizin, onların milli assosiasiyalarının öz ənənələrinin yaranmasından xəbər verir. Respublika miqyaslı tədbirin Bakıda deyil, Yevlaxda keçirilməsi də təsadüfi deyildir. Bu bir reallıqdır ki, ölkəmizin hər bir guşəsində son illər vüsət almış inkişaf nəticəsində paytaxtla digər şəhərlər arasında fərq silinməkdədir. Respublikanın hər bir şəhəri, rayon mərkəzi belə ümumrespublika, hətta beynəlxalq əhəmiyyətli tədbirləri qəbul etməyə hazır olmalıdır. Biz gələcəkdə də bu praktikanı davam etdirəcəyik.
Ölkədə gedən dinamik inkişaf, iqtisadiyyatın intensiv modernləşməsi ictimai şüurun daha da demokratikləşməsinə təkan vermişdir. Son 5 il ərzində həyata keçirilmiş genişmiqyaslı və ardıcıl iqtisadi islahatlar əhalinin rifah halını yüksəltmiş, insanları daha sərbəst etmiş, onlarda cəmiyyətin bərabərhüquqlu üzvü olmaları hissini formalaşdırmış və möhkəmlətmişdir. Bələdiyyələr də bu proseslərin böyük əksəriyyətinin bilavasitə iştirakçısı kimi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratik prinsiplərin tətbiqi işinə öz töhfələrini vermişlər və bu iş davam etməkdədir.
Deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, toplantının məhz bu mövzuya həsr olunması həm aktual, həm də məntiqidir.
Tədbirin əvvəlində seyr etdiyimiz film, milli assosiasiyaların adından edilmiş məruzə, dinlənilmiş çıxışlar, eləcə də toplantı iştirakçılarına paylanmış kitab dediklərimizi təsdiqləyir. Hesab edirəm ki, filmdə və kitabda öz əksini tapmış qabaqcıl təcrübə ölkədə bu istiqamətdə toplanmış nümunələrin yalnız bir hissəsidir. Nəzəri çəkən odur ki, bu işlər artıq öz məzmununa, həcminə və qarşıya çıxan problemlərin həllinə yanaşma tərzinə görə nəinki üç-dörd il, hətta bir il bundan öncə həyata keçirilmiş layihələrdən keyfiyyətcə fərqlənir. Onlar günün aktual məsələlərinə həsr edilmiş, daha miqyaslı və əhatəli, ən əsası isə ünvanlı olmuşdur.
Düşünürəm ki, bütün bunlar cəmiyyətimizdə yerli özünüidarəetmə orqanlarının inkişafı üçün yaradılmış demokratik şəraitin, onlara verilən önəmin nəticəsi, Azərbaycan bələdiyyələrinin inkişaf yolunda olduqlarının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağındakı nitqində ölkənin demokratikləşməsi istiqamətində həyata keçirilən siyasətə toxunaraq demişdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət göstərir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi - bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır”.
Hörmətli toplantı iştirakçıları!
Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin roluna, qabaqcıl təcrübənin öyrənilib yayılmasına həsr olunmuş şəhər, qəsəbə və kənd bələdiyyələrinin bu ilin birinci rübündə keçirdikləri dəyirmi masalar, aprel ayının 16-da Bakıda “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda keçirilmiş respublika konfransı bir daha göstərdi ki, bələdiyyələr artıq ölkənin idarəetmə sistemində müvafiq yerini tutmaqdadır.
2007-ci ilin aprel ayında irəli sürülmüş və artıq ümumbələdiyyə hərəkatına çevrilmiş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bir il ərzində üç min layihənin həyata keçirilməsi razılıq hissi doğurur. Milli assosiasiyaların bu il həmin təşəbbüsün tərkib hissəsi və məntiqi davamı olan yeni təşəbbüslərlə çıxış etməsi onların daim axtarışda olmalarının, işə yaradıcı münasibət bəsləmələrinin göstəricisidir.
Yerli özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti vətəndaşların onların işində fəal iştirakından çox asılıdır. Düzdür, son zamanlar bələdiyyə qərarlarının qəbul edilməsində sakinlərin iştirakı müşahidə olunur. Lakin onların yerli özünüidarəetmədə fəaliyyət səviyyəsi, açığını deyim, çox aşağıdır. Bələdiyyələr vətəndaşların yığıncaqlarda iştirakında, müxtəlif təkliflərlə çıxış etməsində maraqlı olmalı, vətəndaş təşəbbüskarlığının artırılması üçün geniş şərait yaratmalıdırlar.
Yerli özünüidarəetmənin səmərəliliyinin digər mühüm şərti onun təşkilati strukturudur. Təhlillər göstərir ki, bir sıra bələdiyyələrdə aparatın formalaşdırılmasında, ştatların müəyyən edilməsində sistemsizlik hökm sürür. Bu, özünü yerli özünüidarəetmə orqanlarının saxlanması xərclərində aydın büruzə verir. Aparılmış təhlillər bu göstəricinin ayrı-ayrı inzibati rayonlar üzrə kəskin surətdə fərqləndiyini aşkar etmişdir. Belə ki, bir bələdiyyənin orta hesabla bir illik saxlanılması üzrə xərclər Bakı şəhərində 87,1 min manat, Abşeron rayonunda 27 min manat, Lənkəranda 4,5 min manat, Tovuzda 3,1 min manat olmuşdur.
Bələdiyyələrin təşkilati strukturu onların vəzifə və funksiyalarına uyğun olmalı, yerli və ümumdövlət maraqlarının optimal əlaqələndirilməsinə xidmət etməlidir.
Cəmiyyətdə hər bir qurumun nüfuzu onun səlahiyyətləri ilə müəyyən edilir. Ölkəmizdə bələdiyyələrə verilmiş səlahiyyətlər onların geniş fəaliyyətinə, yerli məsələlərin həllində aparıcı qüvvə kimi çıxış etməsinə imkan yaradır. Bununla belə, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsi də hazırda Milli Məclisdə müzakirə olunur. Hesab edirəm ki, bələdiyyələrə yeni səlahiyyətlər, bu prosesin fəsadsız keçməsi üçün tədricən, müvafiq proqram əsasında verilməlidir.
Bir sözlə, bələdiyyələr öz üzərlərinə daşıya biləcəkləri qədər səlahiyyət və eyni zamanda, cavab verə biləcəkləri qədər məsuliyyət götürməlidirlər.
Lakin bələdiyyələr onlara nə vaxt əlavə səlahiyyətlərin veriləcəyini oturub gözləməməlidirlər. Onlar təşəbbüskar, daim axtarışda olmalı, fəaliyyətlərini əhali üçün aktual olan məsələlərin həllinə yönəltməlidirlər.
Məsələn, bu gün yerlərdə məişət tullantılarının toplanıb daşınması işi həllini tələb edən müstəqil bir məsələyə çevrilmişdir. Başqa ölkələrdə olduğu kimi, bu problemin həllini bələdiyyələr öz üzərlərinə götürə bilərlər. Yevlax, Yasamal, Biləcəri, Pirşağı, Badamdar, Buzovna, Mərdəkan və Mehdiabad bələdiyyələrinin bu sahədəki təcrübələri buna kifayət qədər əsasın olduğunu nümayiş etdirir. Yevlax bələdiyyəsinin qəbiristanlıqların abadlaşdırılması və saxlanması sahəsində gördüyü işlər də təqdirəlayiqdir.
Bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində fəallığı, ilk növbədə, yerli özünüidarə orqanlarının maliyyə imkanlarından asılıdır. Bu sahədə hər şeydən əvvəl bələdiyyələr maliyyə imkanlarının artırılması üçün onlara verilən səlahiyyətlərdən daha dolğun istifadə etməlidirlər.
Bununla belə, bir çox bələdiyyələrin öz büdcələrinin formalaşmasına göstərdikləri münasibət ən azı təəccüb doğurur. Ölkə bələdiyyələrinin 2007-ci ilin yekununa görə gəlirlərinin 71,6 faizini torpaq sahələrinin satışından və icarəsindən əldə edilmiş vəsaitlər, yalnız 14 faizini fiziki şəxslərdən alınmış torpaq vergisi və cəmi 1,9 faizini fiziki şəxslərdən alınmış əmlak vergisi təşkil etmişdir. Təəssüf doğuran fakt odur ki, bələdiyyələrin inkişafının əsas göstəricisi olan “Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi” üzrə büdcəyə faktiki daxilolma cəmi 200 manat təşkil etmişdir.
Bələdiyyələrin müəssisələrinin və xidmət sahələrinin yaradılması məsələsinə I toplantıda da toxunulmuş, bələdiyyələrin səyini bu istiqamətə yönəltmək tövsiyə edilmişdi. Lakin bu sahədə demək olar ki, heç bir iş görülməmişdir. İl ərzində ölkədə yaradılmış bələdiyyə müəssisələri və xidmət sahələrini barmaqla saymaq olar.
Gözəl təbiəti və istirahət guşələri ilə seçilən rayonlarımızda bələdiyyələrin mehmanxana, sanatoriya-kurort və turizm xidmətinə görə 2007-ci ildə yerli büdcəyə bir manat da belə toplaya bilməmələrini izah etmək çətindir. Təsadüfi deyildir ki, belə rayonlarda fəaliyyət göstərən bələdiyyələrin böyük əksəriyyəti nəzərdə tutulmuş vergilərin yalnız 5-10 faizini yığa bilirlər. Onlarla bələdiyyə vəsaitləri olmadığından bir ildir ki, əməkdaşlarına maaş da verə bilmir.
Qəbələ, Ağsu, Lerik rayonlarının bələdiyyələri də mehmanxana, sanatoriya-kurort və turizm xidmətinə, küçə reklamının yayımına görə ödənişlər üzrə heç bir vəsait toplamamışlar. Onların büdcəsinə fiziki şəxslərdən əmlak vergisi üzrə də bir manat belə olsun, daxil olmamışdır.
Düşünmək olardı ki, turizmin fəal inkişaf etdiyi, istirahət mərkəzləri şəbəkəsinin böyük sürətlə genişləndiyi bu bölgələrdə bələdiyyələr fəallıq göstərəcək, yaranmış imkanlardan bəhrələnərək bələdiyyə büdcələrinin formalaşması üçün dayanıqlı gəlir mənbəyi əldə edəcəklər. Təəssüf ki, həyatda bunun əksini görürük. Hərdən elə təəssürat oyanır ki, bələdiyyələr vergi ödəyicilərinin onların qapısını döyərək vergi götürmələrini xahiş edəcəklərini gözləyirlər.
Azərbaycanın zəngin təbii sərvətləri var. Onlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar. Təbii sərvətlərdən istifadə edən hər bir qurum dövlət büdcəsinə və yerli bələdiyyəyə mədən vergisi kimi müəyyən edilmiş ödəmələri həyata keçirməklə müvafiq büdcələrin formalaşmasında iştirak edir. Lakin faktlar göstərir ki, bələdiyyələr tərəfindən mədən vergisinin toplanmasında ciddi nöqsanlar vardır. Rəsmi hesabat sənədlərində konkret ərazi göstərilməklə sahibkarlıq subyektlərinin ölkə büdcəsinə köçürdükləri mədən vergisi açıq-aşkar görünür. Müvafiq bələdiyyə isə qüvvədə olan qanunvericiliyə əsasən ona veriləsi olan mədən rüsumunu sahibkardan götürmür. Nə üçün?! Düşünmürəm ki, burada sui-istifadə və şəxsi maraq amili rol oynamasın.
Bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi və ayrılma qaydasında da ciddi dönüş yaradılmalıdır. Bir sıra bələdiyyələr yerli büdcəyə daxil olan vəsaitlərin böyük hissəsini bələdiyyənin saxlanmasına yönəldirlər. Bu, tamamilə yanlış yanaşmadır. Məruzədə də bu məsələyə düzgün qiymət verildi, Qazax, Tovuz, Zərdab, Sabirabad, Dəvəçi rayon bələdiyyələrinin adı çəkildi. Lerik bələdiyyələrinin saxlanması xərclərinin 99 faizinin dotasiya hesabına ödənildiyi faktı isə heç bir çərçivəyə sığmır. Hamı bilməlidir, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçularının maaşına, yaxud digər cari xərclərə deyil, məqsədli sosial proqramlara sərf edilməlidir!
Məruzədə qeyd edildiyi kimi, son il ərzində yerli büdcə gəlirlərinin aşağı düşməsi fonunda bələdiyyə orqanlarının saxlanması xərclərinin 4 milyon manat artmasına bəraət qazandırmaq mümkün deyil.
Lakin bununla belə, bələdiyyələrin maliyyə problemlərinin subyektiv səbəbləri də vardır. Birinci toplantıda potensialı az olan bələdiyyələrin birləşməsi məsələsinin aktuallığı xüsusi qeyd edilmişdi. Azərbaycanda ərazi və əhali baxımından xırda bələdiyyələr çoxdur. Əhalisi 1000 nəfərdən az olan bələdiyyələr 46 faiz təşkil edir. Bu o deməkdir ki, ölkədə əhalinin hər yüz min nəfərinə 34 bələdiyyə düşür. Analoji göstərici Polşada 6,5, Belçikada 5,6, Hollandiyada 4, Bolqarıstanda 3,4, Litvada isə hətta 1,6-dır. Bu isə öz növbəsində həmin bələdiyyələr tərəfindən yerli problemlərin həllini çətinləşdirir, bəzən isə mümkünsüz edir. Hesab edirəm ki, ilk növbədə, xırda bələdiyyələrin sayının azaldılması - bələdiyyələrin iriləşdirilməsi istiqamətində islahatlar aparılmalıdır. Burada qeyri-adi bir şey yoxdur. Avropada bələdiyyələrin çoxillik fəaliyyətinin təcrübəsi göstərir ki, hətta klassik modellərə üstünlük verilən Böyük Britaniyada yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan ən ciddi addımlardan biri məhz bələdiyyələrin iriləşdirilməsidir. Bu yaxınlarda bələdiyyələrin birləşməsi mexanizminin sadələşdirilməsi ilə bağı qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Sadəcə, müvafiq bələdiyyələrdə və onların seçiciləri arasında tarazlaşdırılmış izahat işləri aparılmalıdır. Bu məsələdə şəxsi maraqlar deyil, əhalinin mənafeyi əsas götürülməlidir.
Məruzədə torpaqların idarə edilməsi ilə bağlı məsələyə toxunuldu. Düşünürəm ki, həqiqətən bələdiyyələrin bundan sonra torpaqların idarə edilməsində hərrac mexanizmindən istifadə etməsi bu sahədə şəffaflığın təmin olunmasına, bələdiyyə torpaqlarından daha səmərəli istifadə edilməsinə şərait yaradacaqdır. Digər tərəfdən, yaranmış vəziyyət bəzi bələdiyyə sədrləri üçün əsl sınağa çevrilmişdir. Torpağı təkbaşına satmaq hüququndan məhrum olandan sonra hətta tutduğu vəzifəsindən könüllü uzaqlaşmaq istəyən bələdiyyə sədrləri haqqında məlumatlar da var.
Təsadüfi deyildir ki, işə bu cür münasibət vəzifədən sui-istifadəyə, hətta cinayət hallarına gətirib çıxarır. Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları əsasında 2007-ci ildə 25 cinayət işi, cari ilin ötən dövrü ərzində isə 8 cinayət işi başlanmış, Qobustan rayonunun Şıxzahirli bələdiyyəsinin sədri Arif Güləliyev, Zərdab rayonunun Dəliquşçu bələdiyyəsinin sədr müavini Şirvan Mehralıyev müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş, digərləri şərti cəza almış və cərimə edilmişlər. Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsinin sabiq sədri Məcnun Əliyev 2007-ci ilin dekabr ayında korrupsiya ilə əlaqədar MTN əməkdaşları tərəfindən saxlanmışdır. Salyan rayonunun Kürsəngi bələdiyyəsinin sədri İxtiyar Aydınov şəxsi qazanc məqsədi ilə qanunsuz torpaq satışı, görülmüş işlərin həcminin süni surətdə şişirdilməsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunmuş, sədrliyinə xitam verilmişdir.
Heç bir bələdiyyə unutmamalıdır ki, torpaqları onlara dövlət dağıtmaq üçün verməmişdir. Nə də ki, bu torpaqlar onlara miras qalmamışdır. Torpaqların idarə edilməsində qanunçuluq əsas götürülməli, şəxsi maraqlar deyil, dövlət mənafeyi üstün tutulmalıdır.
Təəssüf ki, bəzən biz bunun tam əksini görürük. Bələdiyyə və dövlət ehtiyat fondu torpaqlarının qeyri-qanuni satışı, icarəyə verilməsi ilə bağlı vəziyyət Saatlı rayonunda xüsusilə acınacaqlı olmuşdur. Rayon icra hakimiyyətinin bir başçısı 1500 hektar torpaq sahəsini öz qohum-əqrəbasına, vəzifəli şəxslərə, hətta pozucu qüvvələrə paylamış, digəri isə qanunsuzluqları aradan qaldırmaq əvəzinə bu biabırçılıqları davam etdirmişdir. Saatlı şəhər bələdiyyəsinin keçmiş sədri Zülfü Əliyev də bu işdə sabiq icra hakimiyyəti başçısı Vaqif Hüseynovla əlbir olmuş, özbaşınalıqların rəsmiləşdirilməsinə yardım etmiş, hətta icra hakimiyyətinin ərazisindəki Qonaq evinin yerləşdiyi 1000 kvadratmetr torpaq sahəsini onun həyat yoldaşının adına sənədləşdirmişdir. Öz möhtəkir məqsədləri ilə qanunvericiliyi pozan bələdiyyə sədri şəhərin Heydər Əliyev prospektində dövlət mülkiyyətində olan torpaq sahəsini, 81 və 82 saylı məhəllələrdə meşə zolağını belə bələdiyyə mülkiyyəti adı ilə müəmmalı şəxslərə satmış və ya icarəyə vermişdir.
Ümumiyyətlə, aparılmış təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində daha tez-tez rast gəlinən qanunsuzluqlar torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədardır.
Qax rayonunun Qaşqaçay bələdiyyəsinin sədri Ənvər Ramazanov torpaq qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, ümumi istifadədə olan 60 hektar torpaq sahəsini xüsusi mülkiyyətə vermişdir. Torpaq məhkəmə yolu ilə bələdiyyənin mülkiyyətinə qaytarılmışdır. Oğuz rayonunun Padar bələdiyyəsinin sədri İlham Kərimov təkbaşına kəndin ümumi istifadəsində olan örüş sahələrini qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara icarəyə vermişdir. Bələdiyyə sədrinin azğınlığı o dərəcəyə çatmışdır ki, onun əməllərindən şikayət edən bir kənd sakinini hətta döymüşdür. Hazırda İlham Kərimovun işinə məhkəmədə baxılır. Salyan rayonunun Quyçu bələdiyyəsinin sabiq sədri Xeyrulla Həsənov öz səlahiyyətlərini aşaraq, 19 hektar bələdiyyə torpağını oğlunun adına rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir. Görülmüş müvafiq tədbirlər nəticəsində qanunçuluq bərpa edilmişdir.
2008-ci ilin 5 ayı ərzində bələdiyyələr tərəfindən 5128 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilməsi barədə qərarlar məhkəmələr tərəfindən müvafiq qaydada ləğv edilmişdir. Cari ildə hərrac keçirilmədən satılmış 105 hektar torpaq sahəsindən 16 hektarı Binəqədi, 76 hektarı isə Bərdə bələdiyyələrinin payına düşür.
Maraq doğuran odur ki, hərrac mexanizminin hələlik müəyyən edilmədiyi halda hər hansı bir torpaq satışının qanuna zidd olacağı əvvəlcədən məlum ola-ola, bu addıma əl atmış bələdiyyə sədrləri nəyə və ya kimə arxayın idilər?
Şəxsi qazanc ardınca qaçan bələdiyyə məmurları torpaq sahələrinin ayrılması barədə qərarların qəbulunda səhvlərə və özbaşınalığa yol verir, vətəndaşlara yüksəkgərginlikli elektrik xətlərinin, ixrac neft boru kəmərlərinin, suvarma kanallarının mühafizə zolaqlarında torpaq sahələrinin ayrılmasından da çəkinmirlər.
Bələdiyyələrə öz şəxsi pul mənbəyi kimi baxanlar birmənalı bilməlidirlər - ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər çərçivəsində qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq, müqəssirlər qanun qarşısında tam məsuliyyətlə cavab verəcəklər.
Heç kəsə sirr deyil ki, kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə hazırda gündəmdə olan, cəmiyyətdə narahatçılıqla müzakirə edilən ərzaq təhlükəsizliyi ilə bilavasitə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramının hazırlanması barədə Sərəncam imzalamışdır. Bu Proqramda əhalinin dayanıqlı ərzaq təminatı ilə bağlı bütün zəruri tədbirlər öz əksini tapacaqdır. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsinə artıq başlanılmışdır. Bu, ümumxalq işi olmalıdır. Proseslərdə aidiyyəti dövlət orqanları, işgüzar dairələr, fermer təsərrüfatları ilə yanaşı, bələdiyyələr də fəal iştirak etməlidir. Onlar yuxarıdan göstəriş gözləmədən yerlərdə kənd təsərrüfatının inkişafı üçün ciddi səylər göstərməli, ərzaq mallarının artırılması yolunda konkret tədbirlər görməlidirlər.
Bələdiyyələr bilməlidirlər ki, mülkiyyətlərində olan əkin torpaqları strateji əhəmiyyət daşıyır. Bu torpaqlardan təyinatı üzrə maksimum səmərə ilə istifadə olunmalıdır. Bu baxımdan, Hacıqabul rayonunun Kolanı bələdiyyəsinin ərazisində 500 hektar torpaq sahəsinin təsərrüfatsızlıq və nəzarətsizlik üzündən əkinə yararsız hala düşməsi hiddətləndirici haldır. Digər bələdiyyələrdə də belə hallar varsa, onlar aşkar edilməli, hər bir fakt təhlil edilib, çox ciddi tədbirlər görülməlidir. Aidiyyəti icra orqanları bu işi daim nəzarətdə saxlamalıdırlar.
Hörmətli toplantı iştirakçıları!
Azərbaycan bələdiyyələri inkişaf etdikcə, onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir, möhkəmlənir. Bələdiyyə üzvləri sakinlərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir, onlara qanunvericiliklə verilmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə çalışırlar. Bələdiyyə üzvləri nəinki sosial-iqtisadi məsələlərin həllində, eləcə də bələdiyyələrin iş üslubunun, forma və metodlarının təkmilləşməsi proseslərində də fəallıq göstərirlər. Bəzi bələdiyyələrdə üzvlər demokratiyanın onlara vermiş olduğu imkanlardan istifadə edərək, hətta bələdiyyə rəhbərliyini də tənqid etməkdən, işdə buraxılan səhvlərə öz münasibətini bildirməkdən çəkinmirlər. Bələdiyyə üzvlərinin kollegial qərarı ilə bələdiyyə sədrlərinin vəzifədən uzaqlaşdırılması faktları da vardır. Əlbəttə, bələdiyyə sədrinin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi xoşagəlməz hadisədir. Lakin belə hallar bələdiyyə üzvlərinin ictimai fəallığı, prinsipiallığı, vətəndaş mövqeyi nəticəsində baş verirsə, bu, müsbət qiymətləndirilməlidir.
Şəki rayonunun Orta Zəyzid bələdiyyəsinin sədri Mövlud Bilallının, Ağstafa rayonunun Tatlı bələdiyyəsinin sədri Şahin Hacıyevin torpaqların verilməsində təkbaşına qərarlar qəbul etmələri, kənd sakinləri ilə kobud rəftarları, əhalinin müraciətlərinə etinasız yanaşmaları ona gətirib çıxarmışdır ki, bələdiyyə üzvləri onların bələdiyyə sədri kimi vəzifədə qalmasını məqsədəuyğun hesab etməmişlər. Lakin, onu da qeyd edim ki, qəbul olunan hər bir belə qərar dərin, ədalətli müzakirələrin nəticəsi olmalıdır.
Müşahidələr göstərir ki, Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri yerli xüsusiyyətlərlə izah olunan bir sıra nöqsanları da üzə çıxarmışdır. Bir çox bölgələrdə, xüsusilə ucqar kəndlərdə sakinlər seçimlərini edərkən namizədlərin fərdi keyfiyyətlərini deyil, qohumluq əlaqələrini, şəxsi münasibətləri üstün tutmuşlar. Məsələn, Astara rayonunun Toradi, Lomin, Pəlikəş, Ojakəran və Deqədi bələdiyyələrinə seçilmiş üzvlərin böyük əksəriyyətinin qohumluq əlaqəsində olması, Masallı rayonunun Qızılağac, Xırmandalı, Təklə, Türkoba, Mollahəsənli bələdiyyələrinin üzvləri arasında qruplaşmaların mövcudluğu insanları artıq bezdirmişdir. Onlar artıq öz acı təcrübələrindən nəticə çıxararaq başa düşüblər ki, bələdiyyə sədri, ilk növbədə, obyektiv, ədalətli və ağıllı rəhbər, yaxşı təşkilatçı və səmimi insan olmalıdır. Belə bələdiyyələrə, demək olar ki, bütün rayonlarda rast gəlmək mümkündür.
Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı düzgün seçimin nə olduğunu, onun ölkənin, xalqın, hər bir ailənin həyatında oynadığı həlledici rolu çox gözəl başa düşür, ona böyük məsuliyyətlə yanaşır.
Növbəti bələdiyyə seçkilərinə hazırlaşarkən ötən mərhələdə buraxılmış səhvlərdən ciddi nəticə çıxarılmalı, elə mühit yaradılmalıdır ki, bələdiyyə sıraları savadlı, müasir, təmiz əqidəli, doğulduğu torpağı ürəkdən sevən vətəndaşlar hesabına formalaşsın, onların arasında qadınların və gənclərin xüsusi çəkisi artsın.
Əhalinin bələdiyyələrə olan münasibətinin həssas indikatorlarından biri onların mərkəzi icra orqanlarına, o cümlədən Prezidentin İcra Aparatına etdikləri müraciətlərdir. 2007-ci ildə Aparata bələdiyyələrlə bağlı 1241, cari ilin 5 ayı ərzində isə 452 müraciət daxil olmuşdur. Təhlillər göstərir ki, əksər vətəndaşları ölkə Prezidentinə müraciət etməyə vadar edən səbəb onları narahat edən məsələlərə yerlərdə qeyri-obyektiv baxılması və ya biganə münasibətdir. Elə bələdiyyələr də var ki, onlarda nəinki vətəndaşların qəbulu aparılmır, heç qapıları belə aylarla açılmır. Bu cür faktlara Saatlı rayonunun Günəşli, Fətəlikənd, Varxan, Qaralar və Qaracalar bələdiyyələrində rast gəlinmişdir.
Bələdiyyələrin inkişafı bələdiyyə üzvlərinin və qulluqçularının idarəetmə qabiliyyətindən, peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır. Onların müvafiq tədris kurslarına cəlb edilməsi ilbəil artır. Lakin bu artım daha çox olmalıdır. Bələdiyyələr və onların milli assosiasiyaları bu işə diqqəti artırmalıdırlar.
Təcrübə göstərir ki, bir çox bələdiyyələr yerlərdə fəaliyyətini yerli icra hakimiyyəti orqanları ilə əlaqəli quraraq, qarşılarında duran məsələlərin öhdəsindən daha uğurla gəlirlər. Bu istiqamətdə hətta yeni, səmərəli iş formaları da meydana çıxmışdır. Məsələn, Yevlaxda yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının fəaliyyətinin Əlaqələndirmə Şurası yaradılmışdır.
Bu Şura bələdiyyələrlə yerli icra hakimiyyəti arasında işgüzar və məhsuldar əməkdaşlıq əlaqələrinin inkişafına təkan vermiş və bu iş birliyi artıq öz müsbət nəticələrini verməkdədir. Düşünürəm ki, bu təşəbbüs təqdirəlayiqdir və onun digər rayonlarda da yayılması faydalı ola bilər.
Hörmətli toplantı iştirakçıları!
Azərbaycan ötən ilin oktyabr ayının 15-də İspaniyanın Valensiya şəhərində start götürmüş “Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşuldu. Avropaya inteqrasiya kursunu xarici siyasətinin ana xətti elan etmiş Azərbaycan üçün bu addım ölkəmizdə Avropanın demokratik dəyərlərinə verilən əhəmiyyətin, ən əsası isə ölkə daxilində gedən demokratikləşmə proseslərinin şüar naminə deyil, ölkə rəhbərliyinin siyasi iradəsi ilə həyata keçirildiyinin bariz təzahürü oldu. “Avropada yerli demokratiya həftəsi”nin nəticəsi və davamı kimi “Azərbaycanda yerli demokratiya həftəsinin” keçirilməsinə qərar verildi. Yerli demokratiya həftələri zamanı 28 mindən çox vətəndaş bələdiyyələrdə qəbul edilmiş, keçirilmiş görüşlərdə və kütləvi tədbirlərdə 350 min nəfər iştirak etmişdir. Bu tədbir cəmiyyətdə müsbət rezonans doğuraraq sakinlərin bələdiyyələrin işinə olan marağının artmasına, vətəndaş fəallığının yüksəlməsinə səbəb olmuşdur.
Avropa Şurasının Yerli və Regional Qurumlar üzrə məsul nazirlərinin konfransının 15-ci sessiyasında qəbul olunmuş Valensiya Bəyannaməsində Azərbaycanda keçirilmiş yerli demokratiya həftəsinin yüksək qiymətləndirilməsi fərəhləndirici haldır.
“Azərbaycanda yerli demokratiya həftəsi” mahiyyətcə ölkədə gedən proseslərlə üzvi surətdə uzlaşdığına görə, hesab edirəm ki, onun keçirilməsi Azərbaycanda ənənə xarakteri alacaqdır.
Yerli demokratiya həftəsi yalnız həftə çərçivəsi ilə məhdudlaşmır, onun prinsip və ideyaları gündəlik həyatda, o cümlədən şəffaflıq məsələlərində öz əksini tapır. Məruzədə qeyd olunduğu kimi, Lənkəran, Quba, Xaçmaz, Tovuz, Gəncə və Zaqatala bələdiyyələrinin öz fəaliyyətləri barədə sakinlərini yerli televiziya kanallarının, Sumqayıt və Şəki bələdiyyələrinin nəşr etdirdikləri qəzetlərin, Xudat və Mərdəkan bələdiyyələrinin isə tematik bukletlərin vasitəsi ilə məlumatlandırmaları təqdirəlayiq haldır və onların işə olan yaradıcı münasibətinin təzahürüdür.
Ölkəmizdə beynəlxalq bələdiyyə qurumları, xaricdəki bələdiyyə strukturları ilə əməkdaşlığa həmişə önəm verilir, Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində fəal iştirak edir. Son bələdiyyə seçkiləri zamanı Azərbaycanda olmuş avropalı qonaqlara ən xoş təsir bağışlamış məqam Prezident İlham Əliyevin bələdiyyə seçkilərinin ədalətli, şəffaf keçirilməsinə göstərdiyi səy və dəstək olmuşdur. Ümidvaram ki, növbəti dövrdə Azərbaycan bələdiyyəçiliyinin Konqreslə əlaqələri daha da inkişaf edəcək, daha sıx və daha məhsuldar olacaqdır.
Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcəkdir. Bu hadisə bizim hamımızı səfərbər etməlidir. Növbəti prezident seçkiləri çox yüksək səviyyədə keçməli, dünya standartlarına uyğun, ölkə tarixində indiyə qədər baş tutmuş ən mükəmməl və mütəşəkkil seçki olmalıdır. Bunu bizdən respublikada bərqərar olmuş demokratik mühit, Prezident İlham Əliyevin siyasi xətti, onun siyasi iradəsi tələb edir.
Əldə olunmuş seçki praktikasının təkmilləşdirilməsi, müvafiq qanunvericiliyin tələblərinə uyğun demokratik, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi hər birimizin qarşısında duran vacib vəzifələrdəndir. Bələdiyyələrin seçkilərlə bağlı qanunvericiliklə müəyyən edilmiş konkret və məsul vəzifələri vardır və bu vəzifələr sizə yaxşı məlumdur. Əminəm ki, onların icrası bütün bələdiyyələr tərəfindən yüksək səviyyədə təmin ediləcəkdir.
Xalq bütün ümidlərini, xoşbəxt gələcəyini yalnız Heydər Əliyev siyasi xəttinin davamında görür, ölkəmizdə uğurla həyata keçirilən sosial, iqtisadi, siyasi islahatlarla bağlayır.
Ölkəsini inkişaf yolu ilə irəliyə aparan, nəinki Azərbaycanda, onun hüdudlarından uzaqlarda da müdrik və uzaqgörən siyasətçi kimi böyük nüfuz qazanmış, qayğıkeş ölkə başçısı kimi xalq tərəfindən səmimi sevilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alternativi yoxdur. Bunu xarici dövlətlərin yüksək vəzifəli nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri də qeyd edirlər.
Hər birimiz isə, öz növbəmizdə, ölkəmizin çiçəklənməsi, övladlarımızın səadəti, ulu öndərimizin Azərbaycanın gələcəyi ilə bağlı ülvi arzularının reallaşması naminə yorulmadan, vicdanla, əzmkarlıqla və səmimiyyətlə çalışmalı, əlimizdən gələni etməliyik!
Sağ olun!
X X X
Bələdiyyə sədrlərinin II ümumrespublika toplantısında qərar qəbul edilmişdir.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirdə iştirak edən bələdiyyə sədrləri Yevlax şəhərində bələdiyyə tərəfindən aparılan abadlıq-quruculuq işləri, burada yaradılan müasir istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olmuşlar.