Probasiya xidmətinin qeydiyyatında olan qadın məhkumlar fərdi sosial-reabilitasiya xidmətlərinə cəlb ediləcək
Bakı, 24 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyi Probasiya xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Bakı Şəhər Probasiya İdarəsində “Məhkumların sosial adaptasiya və reabilitasiyası” mövzusunda xidmətin qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin keçirilməsində məqsəd məhkumların sosial-psixoloji adaptasiyası və sosial problemlərinə həllinə dəstək verməkdən, eləcə də probasiya sahəsində çalışan icra məmurlarında sosialyönümlü yanaşmanın inkişaf etdirilməsindən ibarətdir.
Tədbirdə Ədliyyə Nazirliyinin və Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları, sosial işçilər və psixoloqlar, eləcə də şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş qadın məhkumlar iştirak ediblər.
Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri, çətin həyat şəraiti ilə qarşılaşmış şəxslərə göstərilən sosial-reabilitasiya yönümlü xidmətlər barədə ətraflı məlumat verilib. Məhkumların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərə toxunulub.
Sonra Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən hər bir məhkumun ilkin qiymətləndirilməsi aparılaraq, onların risk səviyyəsi nəzərə alınaraq sosial reabilitasiya tədbirlərinə başlanması qərara alınıb, onların hər biri ilə bağlı fərdi inkişaf planının hazırlanması və sosial-reabilitasiya işinin aparılması nəzərdə tutulur.
İlkin olaraq bu tədbirə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş qadın məhkumlar cəlb olunub, gələcəkdə sosial adaptasiya təbirlərinə cəlb ediləcək məhkumların dairəsinin, həmçinin bu tədbirlərin davamlılığını təmin etməklə məşğulluq və sosialyönümlü digər xidmətlərin dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Penitensiar və Probasiya xidmətlərində cəza çəkən məhkumlar üçün bu yönümlü tədbirlər Ədliyyə Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) və digər ixtisaslaşmış yerli təşkilatlarla davamlı olaraq aparılır.