Professor Musa Qasımlı: Zəkanın, sözün, imzanın və qətiyyətin gətirdiyi uğur
Bakı, 21 noyabr, AZƏRTAC
Ötən illər ərzində təkcə xalqımız deyil, bütün dünya Azərbaycan Prezidenti İlham Əliyevin “Sözümüz imzamızdır” kəlamının dürüstlüklə necə yerinə yetirildiyinin daim şahidi olub. Dövlətimizin başçısı nəyi deyibsə, onu da zamanında edib. Nə gec, nə də tez. Bu davranış xalqımızı qürurlandırıb, başını uca edib, dostlarımızı sevindirib, bədxahlarımızı və düşmənlərimizi yasa qərq edib. Bir neçə gün əvvəl Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etdi. Məlum olduğu kimi, torpaqlarımızın işğaldan azad olunmasına dair müjdəni xalqımıza çatdırarkən dövlətimizin başçısı həmişə belə bir ifadə işlədirdi ki, biz ərazilərmizin hamısını dirçəldəcəyik, ən müasir infrastruktur quracağıq, keçmiş məcburi köçkünləri təhlükəsiz olaraq dədə-baba torpaqlarına qaytaracağıq. Beləliklə, həmin sənədin imzalanması ilə yuxarıda deyilən sözlər bir daha gerçək oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. Professor vurğulayıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı, ilk növbədə, Prezident İlham Əliyevin sözünün ağası olduğunun, sözünün qüdrətinin, gücünün göstəricisidir.
Deputat bildirib ki, bu sənəd işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə dair Prezidentin dərin zəkasının, strateji baxışlarının, xalqımızı irəli aparan ideyalarının cəmləşdiyi proqram sənədidir: “Sənədin baş memarı dövlətimizin başçısıdır. Bu sənəd ölkə rəhbərimizin qətiyyətinin və yenilməz iradəsinin nəticəsidir. Həmin qətiyyət və iradə bizə döyüş meydanında qələbə qazandırdığı kimi, dinc quruculuq dövründə də tərəqqi və intibah gətirəcəkdir.
Proqramda yaxın dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulan bütün məsələlər dəqiqliklə yazılıb. Sənəd bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə dair dövlətimizin aydın, dəqiq və konkret proqramı vardır. Həll olunacaq məsələlər, onların ardıcıllığının göstərilməsi dərin dövlət ağlının təzahürüdür. Proqramın yerinə yetirilməsi nəticəsində tariximizdə ilk dəfə olaraq həmin yerlərin sakinləri ən müasir, ağıllı yaşayış məntəqələrində təhlükəsiz və daimi yaşayacaqlar.
Birinci Dövlət proqramının yerinə yetirilməsi ərazilərimizin dirçəldilməsi ilə yanaşı, torpaqlarımıza dünya mədəniyyətinə töhfələr verən Azərbaycan xalqının elm, təhsil və mədəniyyətini də qaytarır. Erməni vandalizmini, barbarlığını ali Azərbaycan mədəniyyəti əvəz edir. Proqramda məktəb tikintisinin, tarix və mədəniyyət abidələrinin bərpa edilməsinin nəzərdə tutulması deyilənləri göstərir.
Nəzərdən qaçırmayaq ki, dirçəliş işlərini Azərbaycan dövləti xarici yardımlar olmadan özü təkbaşına aparsa da, bu prosesdə iştirak etmək istəyən ölkələr və şirkətlər üçün də qapıları açıq saxlayır. Azərbaycan əməkdaşlığa açıq ölkədir”.