“QAFQAZ MEDİA” İCTİAMİ BİRLİYİ MƏTBUAT İŞÇİLƏRİNİ MÜKÜFATLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 16-da “Qafqaz Media” İctimai Birliyinin 22 İyul - Milli Mətbuat günü münasibətilə keçirdiyi tədbirdə bir qrup jurnalist mükafatlandırılmışdır.
Kütləvi informasiya vasitələri nümayəndələrinin, mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qeyd olunmuşdur ki, “Qafqaz Media” İctimai Birliyi hər il Milli Mətbuat günü ərəfəsində jurnalistlərin əməyini qiymətləndirir. İndiyədək 350-ə yaxın mətbuat işçisi müxtəlif nominasiyalarda Fəxri fərmanlara, diplomlara, qiymətli hədiyyələrə layiq görülmüşdür.
Bildirilmişdir ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mətbuata xüsusi qayğı ilə yanaşmışdır.
Çıxış edənlər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda son illərdə mətbuatın inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğulamışlar.
Sonra üç nominasiya - “Peşəkar jurnalist”, “Vicdanlı xəbər”, “İlin jurnalisti” - üzrə 50 nəfər jurnalistə və mətbuatın dostuna diplomlar və hədiyyələr verilmişdir. Təltif olunanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın əməkdaşları Şahin Cəfərov və Xətayi Əzizov da vardır.
Sonda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
######
