ELM VƏ TƏHSİL
“QAFQAZ VƏ REGIONAL TƏHLÜKƏSIZLIK” MÖVZUSUNDA KONFRANS
Dekabrın 16-da “Avropa” otelində “Qafqaz və regional təhlükəsizlik” mövzusunda iki günlük konfrans işə başlamışdır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun NATO ilə birgə keçirdiyi konfransı fondun sədri Umud Mirzəyev açaraq, regionda təhlükə törədən səbəblər, reallıqlar barədə danışmış, Qafqazın NATO-ya inteqrasiyasının perspektivi ilə bağlı mülahizələrini söyləmişdir.
Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışında Qafqazda təhlükəsizlik məsələsinin kifayət qədər aktual olduğunu bildirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini törədən amillərin, bu münaqişənin respublikamız üçün ağır nəticələrinin beynəlxalq səviyyədə heç də həmişə obyektiv qiymətləndirilmədiyini konkret faktlarla əsaslandırmışdır.
Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Milli Məclisin deputatları, alimlər, mütəxəssislər, səfirlər və digər nümayəndələr NATO-nu Qafqaza real sülh gətirə biləcək təşkilat kimi qiymətləndirmişlər. Vurğulanmışdır ki, Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan amillər çoxdur və bölgədə yerləşən dövlətlərin ictimai-siyasi dairələri, qeyri-hökumət təşkilatları, beynəlxalq aləm həmin amillərin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir.
Konfransda NATO-nun Qafqaz ölkələri ilə əməkdaşlığının inkişafı, regionda etnik qarşıdurmalar və təhlükəsizlik problemləri, beynəlxalq təşkilatların iştirakı ilə münaqişələrin aradan qaldırılması yolları və digər məsələlər də müzakirə olunacaqdır.