“Qalib olan Azərbaycan” adlı tamaşalar festivalına yekun vurulub
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalına yekun vurulub. Münsiflərin qərarı ilə festivala təqdim olunmuş 11 tamaşadan 4 tamaşa seçilərək canlı şəkildə oynanılıb.
AZƏRTAC xəbər verir ki, festivalın sonuncu günü Qusar Dövlət Ləzgi Dram Teatrının “Çingiz dastanı” tamaşası göstərilib.
Müəllifi, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov olan səhnə əsəri böyük maraqla qarşılanıb.
Tamaşadan sonra bütün iştirakçılara diplomlar təqdim edilib, qaliblər mükafatlandırılıb.