Qan yaddaşımıza yazılan Xocalı
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunan “Qan yaddaşımız Xocalı” mövzusunda anma tədbiri keçirilib. BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunan sərgi ilə tanış olublar.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov Xocalı soyqırımının mənfur erməni millətçiləri tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən olduğunu söyləyib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, əliyalın, günahsız insanları ağlasığmaz vəhşiliklə öldürüb, yüzlərlə sakini girov götürüblər.
Rektor ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin Xocalı faciəsi haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması üçün böyük işlər gördüyünü bildirib. Dünya ictimaiyyətinin bu soyqırımı barədə məlumatlandırılması üçün gənclərin daha fəal olmasının vacibliyini vurğulayan E.Qasımov ABŞ-ın 21 ştatında Xocalı faciəsinin tanınması ilə bağlı qətnamələrin qəbul olunduğunu xatırladıb.
Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadənin “Xocalı-bəşəriyyətə qarşı çevrilmiş cinayət” mövzusunda məruzəsi dinlənilib. Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı faciə və Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin bir parçası olduğu qeyd edilib.
Digər çıxış edənlər tələbələrə vətənpərvər olmağı, ölkəmizi xaricdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaği və şəhidlərimizin xatirəsini həmişə anmağı tövsiyə ediblər.
Sonda Xocalı faciəsinə həsr olunmuş “1992-ci ilin qarı” sənədli film göstərilib.