QANUN POZUNTULARINA YOL VERMİŞ VƏZİFƏLİ ŞƏXSLƏR 282.513 AZN MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMİŞLƏR
Nazirliyin Operativ Nəzarət İdarəsinin məlumatına görə, nəzarət tədbirlərinin başlandığı ilk 4 gündə 7100 obyektdə reyd keçirilmiş, onlardan 3.109-da qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Qanun pozuntularına yol vermiş obyektlərin vəzifəli şəxslərinə 282.513 AZN məbləğində inzibati cərimə kəsilmişdir.
Reydlər kütləvi hal alandan sonra sahibkarlar kassa aparatlarından istifadə edilməsi üzərində nəzarəti artırmışlar. Bununla belə, hələ də ayrı-ayrı hüquqi və fiziki şəxslərin vergilərdən yayınması, kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi və nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Bir sıra hallarda hətta iri ticarət obyektlərində belə qanun pozuntularının kütləvi xarakter daşıması halları müşahidə edilir. Reydlər zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin yazılı və şifahi müraciətlərinə baxmayaraq, həmin obyektlərdə hələ də nağd hesablaşmalara əməl edilməsi işi qanunvericiliyin tələbləri səviyyəsində təşkil edilməmişdir.
Vergilər Nazirliyi sahibkarları Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağa, nağd hesablaşmaların aparılması qaydalarına əməl etməyə, nəzarət-kassa aparatlarından düzgün istifadə etməyə, vurulmuş çekləri mütləq alıcılara verməyə çağırır və xəbərdarlıq edir ki, hazırda keçirilən reydlər zamanı yarana biləcək hər hansı problemə görə məsuliyyəti ticarət obyektlərinin rəhbərləri daşıyacaqlar.