Qara Yanvar - Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə
Pekin, 17 yanvar, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seulda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Qara Yanvar - Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə" adlı anım mərasimi keçirilib.
Ölkəmizin Seuldakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasim çərçivəsində, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin Koreya dilinə tərcümə olunmuş və 20 Yanvar şəhidləri barədə şeirlərinin də yer aldığı "Gülüstan poeması" adlı kitabın təqdimatı keçirilib.
Koreyanın dövlət qurumlarının rəsmiləri, ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatı üzvlərinin iştirak etdikləri anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir Rəmzi Teymurov 20 Yanvar faciəsinin müasir Azərbaycan tarixindəki yerindən, ölkəmizin 1991-ci ildə müstəqilliyinin bərpasında dönüş nöqtəsi kimi rolundan bəhs edib.
Diplomat B.Vahabzadənin əsərlərinin kitab şəklində Koreya dilinə tərcüməsi və nəşrinin Azərbaycan-Koreya mədəni əlaqələrinin inkişafına töhfəsindən danışıb.
B.Vahabzadənin şair kimi fəal ədəbi fəaliyyətindən söz açılmaqla yanaşı, onun 1980-ci illərin sonlarında Azərbaycan xalqının milli azadlıq mübarizəsində ictimai xadim kimi böyük rol oynadığı qeyd olunub.
Səfirlik şairin seçilmiş əsərlərinin Koreya dilində nəşri ilə bağlı 2017-ci ildə təşəbbüs qaldırıb və Koreyanın Donqduk Qızlar Universiteti, KYOBO Daesan Mədəniyyət Fondu və Munci Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində ötən ilin dekabrında Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə şairin şeirləri Koreya dilinə tərcümə olunaraq kitab şəklində 1200 nüsxədə oxuculara təqdim edilib. Bununla da tarixdə ilk dəfə Azərbaycan şairinin əsərləri Koreya dilinə tərcümə olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri, eləcə də dünya ictimaiyyətinin faciə ilə bağlı nümayiş etdirdiyi mövqe barədə təqdimat olub. Təqdimatda SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər cinayətlərin digər respublikalarda da törədildiyi qeyd edilib, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyi vurğulanıb.
B.Vahabzadənin kitabını Koreyanın İnhua Universitetinin doktorantı Leyla Məsimlinin köməyi ilə tərcümə etmiş Donqduk Qızlar Universitetinin professoru, universitetin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru xanım Oh Eun-kyunq kitab barədə danışıb. Professor Oh xüsusilə Koreya xalqının bölünmüş vəziyyətdə olması və B.Vahabzadənin "Gülüstan" poemasının da bölünmüş Azərbaycan xalqına həsr edilməsi baxımından şairin əsərlərinin Koreya ictimaiyyətinə yaxşı xitab etdiyini vurğulayıb. O, B.Vahabzadənin əsərlərinə istinad edərək, 20 Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyini bildirib, məhz bu hadisədən sonra Azərbaycanda milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyini, dönməz xarakter aldığını vurğulayıb. Həmçinin 20 Yanvar faciəsindən sonra SSRİ-nin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyi diqqətə çatdırılıb.
Professor Oh iştirakçılara qədim və orta əsrlər Azərbaycan dövlətləri, o cümlədən Səfəvi dövləti barədə məlumat verib, 1813-cü ildə "Gülüstan" müqaviləsi ilə Azərbaycanın iki yerə bölünməsi, həmin dövrdən etibarən ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanı və cəmi 2 ildən sonra süqutu, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması, ondan bir il öncə isə Qanlı Yanvar faciəsinin yaşanması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Xocalı soyqırımının törədilməsini obyektiv ifadələrlə diqqətə çatdırıb.
Tədbirdə 20 Yanvar faciəsinə dair fotolar nümayiş etdirilib, habelə B.Vahabzadənin Koreya dilinə tərcümə edilmiş seçilmiş əsərləri kitabı iştirakçılara paylanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin