“Qarabağ” Avropa Futbol Akademiyası ilə əməkdaşlığa başlayıb
Bakı, 19 oktyabr, AZƏRTAC
“Qarabağ” və Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, imzalanma mərasimində Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel, klubun futbol akademiyasının inzibati işlər üzrə direktoru Murat Karaman, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev və baş menecer Kamran Bayramov iştirak ediblər.
Əməkdaşlığın perspektivlərindən bəhs edən E. Çelikel bildirib ki, bu addım “Qarabağ”a verilən dəyəri göstərir. O, anlaşmanın EFA-nın fəaliyyətinə əlavə stimul verəcəyinə və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacağına inamını ifadə edib: “Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şansdır”.
V. Mustafayev isə deyib ki, “Qarabağ”la müqavilə imzalamaq EFA üçün çox önəmli və qürurvericidir: “Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcək, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”.
Qeyd edək ki, müqaviləyə əsasən, “Qarabağ” klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.