“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: zərif talelər” (sənədli hekayələr və portret yazılar) kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-in katibi Rəşad Məcid, nasir, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqaları Z.Məhərrəmlinin zəngin yaradıcılığından söhbət açıblar.
Qeyd edilib ki, tanınmış jurnalist Zemfira Məhərrəmli 1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə qaynar nöqtələrdə olub, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc edib. Z.Məhərrəmli “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı” və digər kitabların müəllifidir. Xalqımızın haqq işi uğrunda mübarizəsinə həsr etdiyi bir neçə kitabı ingilis və rus dilində çap olunaraq geniş oxucu kütləsinə çatdırılıb.
Müəllifin “Qarabağ müharibəsi: zərif talelər” əsərinin məziyyətləri barədə məlumat verən natiqlər deyiblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100-cü ildönümünə həsr edilən kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub.
Diqqətə çatdırılıb ki, müəllifin Qarabağ mövzusunda sayca 6-cı olan bu kitabında üz-üzə qaldığımız qanlı savaşın dəhşətlərindən bəhs edilən sənədli hekayələr toplanıb. Kitabda Zemfira Məhərrəmlinin cəbhə illərində qələmi ilə döyüşən qadın həmkarları - xanım jurnalistlər haqqında portret yazıları da yer alıb.
Onun kitablarının müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayan natiqlər Z.Məhərrəmlinin “Döyüşə qızlar gedir” əsəri əsasında sənədli film çəkildiyini də diqqətə çatdırıblar.
Kitabın bütünlükdə Qarabağ döyüşlərinə həsr edilmiş hünər salnaməsi və gələcək nəsillər üçün yaddaş olduğu vurğulanıb.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Z.Məhərrəmli kitabını imzası ilə oxuculara təqdim edib.