Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş həcmli geoloji kəşfiyyat işləri aparılacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında imzalanmış “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” iki istiqaməti əhatə edir. Memorandumun əsas prioritetləri Türkiyənin adıçəkilən qurumu ilə birgə regional geoloji işlərin, mineral xammal ehtiyatlarının bazasının formalaşdırılmasından, yeni texnika və texnologiyaların Azərbaycana cəlb edilməsindən, yeraltı su ehtiyatlarının kəşfi və balans ehtiyatlarında saxlanılmasından, eyni zamanda, kadr potensialının yüksəldilməsi üçün təlimlərin təşkili və mütəxəssis mübadiləsinin həyata keçirilməsindən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev media nümayəndələri üçün brifinqdə deyib.
Xidmət rəisi bildirib ki, Azərbaycan ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında zəngin mineral xammal ehtiyatlarının dağ-mədən sənayesinin tələbatını ödəmək məqsədilə geniş həcmli geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulub. Qarşı tərəfin də təkliflərini nəzərə alaraq ərazilərdə kosmofoto şəkillərin, uzaqdanalqılama məlumatlarının təhlili ilə, eyni zamanda, hava aracları vasitəsilə kompleks geoloji və geofiziki işlər aparılacaq.
“Regionun geoloji xəritələrinin alınması ilə bu xəritələr üzərində müəyyənləşdirilmiş zəngin mineral xammal ehtiyatları dağ-mədən sənayesinin ixtiyarına yönəldiləcək. Digər tərəfdən görülən işlərin digitallaşdırılması, eyni zamanda, informasiya bankının yaradılması memorandumun tərkib hissəsidir. Bu memorandum Azərbaycanda həm mədənçilik, həm də geoloji inkişafa səbəb olacaq”, - deyə Əli Əliyev vurğulayıb.