Qarabağ Zəfərinin üçüncü ildönümü ilə bağlı beynəlxalq vebinar
Bakı, 9 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşkilatçılığı ilə Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi Qələbənin üçüncü ildönümü ilə bağlı onlayn formatda beynəlxalq vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Gənclər Forumunun vitse-prezidenti Tantan Taufiq Lubis açılış nitqində bu Qələbənin tək Azərbaycana deyil, bütün İslam ümmətinə aid olduğunu xüsusi vurğulayıb. O, eyni zamanda, İndoneziya gəncliyinin nümayəndəsi kimi təmsil etdiyi ölkənin istər milli, istərsə də beynəlxalq səviyyədə daima Azərbaycanın haqq işini müdafiə etdiyini nəzərə çatdırıb. O, gələn il İslam mədəniyyətinin paytaxtı elan olunan Şuşaya səfərinin gerçəkləşəcəyinə ümid etdiyini bildirib və bu çərçivədə tədbirlərin uğurla keçirilməsini arzulayıb.
İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin üzvü və Pakistan Gənclərinin Fəaliyyəti üzrə Şəbəkənin icraçı direktoru Fsahat ul Həssən Pakistanın daima Azərbaycanın yanında olduğunu bildirib, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın faktiki olaraq regionda yeni geosiyasi vəziyyət yaratdığını və təmsil etdiyi ölkənin Cənubi Qafqazda həyata keçiriləcək strateji layihələrə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Azərbaycanda fəaliyyət göstərən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini, Kolumbiya Universitetinin məzunu Fuad Çıraqov əsas çıxışçı və ekspert qismində 44 günlük Vətən müharibəsinin mahiyyəti və onun doğurduğu reallıqlar haqqında məruzə ilə çıxış edib. O, öz məruzəsində bəzi Qərb dairələrinin istər 1990-cı illərdə, istərsə də 2020-ci ildə baş verən müharibələrə dini don geyindirmələrinin, təbliğat xarakteri daşıyan çoxsaylı mənbələrdə “xristian ermənilər” və “müsəlman azərbaycanlılar” söz birləşmələrinin vurğulamalarına baxmayaraq, münaqişənin dini xarakter daşımadığını, ümumiyyətlə, Qərbin bu məsələdə bir çox hallarda qərəzli mövqe tutduğunu bildirib. Ekspert münaqişə dövründə İƏT ölkələrinin Azərbaycanın haqq işini həmişə müdafiə etdiklərini, bir sıra müsəlman dövlətlərinin Ermənistanla diplomatik əlaqələr qurmadığı faktını diqqətə çatdırıb. Bu dəstəyə başqa bir misal olaraq, İndoneziyanın BMT Təhlükəsizlik Şurasının iclaslarından birində münaqişə məsələsi müzakirə edilərkən, Azərbaycanın maraqlarını müdafiə etmək faktı barədə vebinar iştirakçılarını məlumatlandırıb.
F.Çıraqov, o cümlədən postmüharibə dövründə regional əməkdaşlığa əsaslanan 3+3 formatı ilə bağlı Azərbaycanın diplomatik fəaliyyəti, bundan sonra regionda baş verə biləcək müxtəlif ssenarilər barədə danışıb. Daha sonra o, vebinarda iştirak edən müxtəlif ölkələrdən olan gənc iştirakçıların suallarına cavab verib.
Vebinarın sonunda İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov çıxış edənlərə öz təşəkkürünü bildirib, Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə təbrik edib.