Qarabağın çaylarının sularından istənilən məqsədlərlə istifadə etmək olar
Bakı, 14 aprel, AZƏRTAC
Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev hökumət qarşısında bir sıra vəzifələr qoyub. Həmin vəzifələrdən biri çaylardan içməli su mənbəyi kimi istifadə olunmasıdır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 14 əsas çay var. Onların hamısının suyundan istənilən məqsəd üçün istifadə oluna bilər.
Bunu AZƏRTAC-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib. O bildirib ki, həmin çayların suyundan içməli su kimi istifadə etmək üçün müvafiq təşkilatlar tərəfindən işlər görülür. Qarabağın əsas çayları olan - Tərtərçay, Həkəriçay, Bəsitçay, Levçay, Zabuğçay, Tütqun çay və digərlərinin sularının mineral tərkibi müvafiq normalara uyğundur.
Rasim Səttarzadə, həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərdən axan çaylarda ekoloji vəziyyətin öyrənilməsi və onların çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yerli və beynəlxalq laboratoriyalar tərəfindən monitorinqlər keçirilib.
Aparılan analizlərin nəticələrinə əsasən Ermənistan ərazisindən daxil olan transsərhəd Oxçuçayın su və dib çöküntüsü nümunələrində ağır metalların miqdarının normadan çox, bir sıra hallarda hətta 10 dəfələrlə çox olduğu aşkar olunub.
“Çayın çirklənməsinin əsas mənbəyi Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının toksik tullantılarıdır. Həmçinin Qafan, Qacaran və digər yaşayış məntəqələrində formalaşan həm məişət tullantı suları, həm də istehsalat tullantı sularıdır ki, onlar təmizlənmədən birbaşa çaya axıdılır. Çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə biz məlumatlandırma ilə məşğul oluruq və çirklənmənin qarşısını almaq məqsədilə beynəlxalq təşkilatlarla da işlər aparırıq”,- deyə R.Səttarzadə bildirib.