CƏMİYYƏT
QARADAĞLILAR MİLLİ QURTULUŞ GÜNÜNÜ QEYD EDİRLƏR
Qurtuluş günü ərəfəsində Qaradağ rayonunda “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Yeni Azərbaycan Partiyası Qaradağ rayon şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə alimlər, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri Aydın Hüseynov konfransı açaraq bildirdi ki, bu tədbir ölkəmizin müasir tarixində dönüş mərhələsi olan Milli Qurtuluş gününə həsr olunmuşdur. Xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışı dövlətimizi dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Azərbaycanda ağır böhran dövrünə son qoyuldu. Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başladı. Dövlətimizin başçısının həyata keçirdiyi neft strategiyası Azərbaycanın işıqlı gələcəyini təmin edəcəkdir. A.Hüseynov onu da vurğuladı ki, bu strategiyanın gerçəkləşdirilməsində ARDNŞ-ın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini İlham Əliyevin xüsusi rolu var.
Sonra MEA-nın Neft Kimyası Prosesləri İnstitutunun direktoru akademik Musa Rüstəmov, Milli Məclisin daimi komissiyasının sədri Asya Manafova, Dövlət Neft Akademiyasının prorektoru İmran Cəfərzadə çıxış edərək, Azərbaycanda neft sənayesinin inkişafında dövlətimizin başçısının rolundan danışdılar. Natiqlər vurğuladılar ki, Heydər Əliyev hələ 70-ci illərin əvvəllərində öz siyasi duyumu və uzaqgörənliyi sayəsində Azərbaycanın müstəqillik perspektivlərini qabaqcadan görərək, iqtisadiyyatın bütün sahələrinin, ilk növbədə, neft sənayesinin inkişafına çox böyük diqqət yetirirdi. İndiki uğurların bünövrəsi hələ o illərdə qoyulmuşdur.
Konfransda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.
Elə həmin gün Ə. Əmirov adına NQÇİ-nin mədəniyyət sarayında bayram tədbiri keçirildi, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.