Qax rayonunun Almalı kəndində güləş zalı istifadəyə verilib
Qax, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun Almalı kəndində güləş zalının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və idman sektorunun müdiri Elvin Həsilov, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Həşimov və başqaları çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, əhali arasında sağlam həyat tərzinin təbliği və peşəkar idmancıların yetişdirilməsi üçün belə idman zallarının istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, yeni istifadəyə verilən güləş zalı kənddə bu idman növünün inkişafına təkan verəcək.
Sonra tədbir iştirakçıları zalda yaradılan şəraitlə tanış olub, idmançıların məşq prosesini izləyiblər. Zalda 30-dək idmançı güləşlə məşğul olacaq.