QAXDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Dekabrın 12-də minlərlə sakin, ictimaiyyətin nümayəndələri, məktəblilər səhər saatlarından etibarən Qax şəhərinin mərkəzinə, Heydər Əliyevin adını daşıyan meydana gələrək, ümummilli liderin möhtəşəm abidəsini ziyarət etmiş, əklil və gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsinə sonsuz hörmət və ehtiramlarını ifadə etmişlər. Mərasimdə iştirak edən sadə insanlar, ziyalılar, ağsaqqallar, müharibə və əmək veteranları üç il əvvəl əbədiyyətə qovuşmuş Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqımız qarşısındakı əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlamış, onun ideya və arzularının həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevə daim arxa-kömək olacaqlarını bildirmişlər.
Həmin gün YAP rayon təşkilatının qərargahında “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirin əvvəlində ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransda YAP rayon təşkilatının sədri Nizami Əhmədov, icra hakimiyyətinin başçısı Abbas Göyüşov və başqaları çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın tarixində, müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, onun ideya və arzularının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd etmişlər.
Həmin gün rayonun bütün yaşayış məntəqələrində, eləcə də idarə, müəssisə və təşkilatlarda da anma mərasimləri keçirilmiş, xalqımızın böyük oğlunun əziz xatirəsi ehtiramla yad olunmuşdur.