REGİONLAR
Qaxda istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi diqqət mərkəzindədir
![](/files/galleryphoto/2020/1/1200x630/1581154864226043494_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15811548643459635334_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1581154864775253504_1200x630.jpg)
Qax, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əhalinin, eləcə də digər istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetika sektorunda da ciddi nailiyyətlər əldə olunub.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev energetika sektorunun inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq deyib: “İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi irəliləyiş olubdur. Deyə bilərəm ki, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi”.
Dövlətimizin başçısı, həmçinin yaxın iki-üç il ərzində enerji gücünün böyük dərəcədə artırılacağını vurğulayaraq bildirib ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə 2019-cu ildə Qax Elektrik Şəbəkəsi tərəfindən də zəruri tədbirlər həyata keçirilib. Belə ki, ötən il 10 kilovoltluq elektrik verilişi xəttində 82 ədəd, 0,4 kilovoltluq xətlərdə isə 139 ədəd dayaq yenisi ilə əvəz edilib. İl ərzində 107 ədəd transformator yarımstansiyası cari, 3 yarımstansiya isə əsaslı təmir olunub. Bundan əlavə, elektrik xətlərinin mühafizə zonasının 86,2 kilometrlik hissəsi təmizlənib, 299 ədəd yeni sayğac quraşdırılıb, 3524 ədəd sayğac isə yenisi ilə əvəzlənib.
Güllük kəndində 10 və 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri davam etdirilərək, ümumilikdə, 1490 metr uzunluğunda yeni SİP kabel xətti çəkilib, 22-si dəmir-beton olmaqla, 56 ədəd dayaq basdırılıb. Eyni zamanda, Əlibəyli kəndində 10 və 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri çərçivəsində 41 ədəd metal dayaq basdırılıb, 5686 metr uzunluğunda SİP kabel xətti və 1100 metr uzunluğunda A-35 markalı naqil çəkilib, 111 ədəd sayğac dəyişdirilib.