Qayda pozuntusuna yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb
Biləsuvar, 8 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.
Keçirilən tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı sürücülərə izah olunub.
Edilən xəbərdarlıqlara baxmayaraq, qayda pozuntusuna yol verən sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.