Qazax-Tovuz regionunun şagirdləri "BilBacar" müsabiqəsində
Tovuz, 10 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə yarış mərhələsi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə cari tədris ilində 3-cü və 4-cü sinif şagirdlərini əhatə edir. Şagirdlər yarışda topladıqları ballara əsasən yer tutacaqlar və ən çox bal toplamış 450 şagird 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.