Qazax və Goranboyda uşaqların bayram coşqusu
Qazax, 1 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Gənclər və İdman Nazirliyinin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif növ idman qurğuları quraşdırılıb.
Həmçinin “Qazax İdman Paytaxtı – 2026”nın maskotu uşaqları əyləndirib.
Tədbirdə bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilib.
Goranboyda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində Goranboy şəhidlərinin azyaşlı övladları ilə görüş olub.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan növbəti tədbirdə rayon mərkəzində uşaqların hazırladığı musiqi və rəqs nömrələri nümayiş etdirilib, onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Eyni zamanda, müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən izlənilib.
Müxbirlər -Ruslan Novruzoğlu, Elcan Məmmədov