Qazaxda abidə-bulaq kompleksi istifadəyə verilib
Qazax, 29 may, Famil Quliyev, AZƏRTAC
Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşub. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, şair-publisist Məmməd Əfşan çıxış edərək 1991-ci ildə xalqımızın yenidən öz istiqlaliyyətinə qovuşduğunu bildirib, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatdığını, dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu vurğulayıblar.
Sonra Cümhuriyyətin 100 illiyinə həsr edilmiş abidə-bulaq kompleksinin açılışı olub.