Qazaxıstanda Türk Dünyası Gənclərinin Forumu keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazaxıstanın Türkistan vilayətində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qarabağ” Etnomədəni Birliyi və Əhməd Yasəvi Universitetinin təşkilatçılığı ilə “Millətlərarası Dostluq” Türk Dünyası Gənclərinin Forumu keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, forumda iştirak edən millətlərin mədəniyyətlərini əks etdirən sərgi və milli mətbəx nümunələri nümayiş olunub.
“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva çıxış edərək forumun əhəmiyyətindən danışıb, bu kimi tədbirlərin gənclərin millətlərarası münasibətlərdə müsbət rolunu artırdığını və Türk dünyası xalqları arasında mədəni inteqrasiyanı gücləndirdiyini deyib.
Türkistan vilayəti dövlət qurumlarının nümayəndələri öz növbələrində gənclərə uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd ediblər.
Tədbir Azərbaycandan gələn müğənnilərin ifaları və müxtəlif millətləri təmsil edən gənclərin milli rəqslərindən ibarət bədii proqramla yekunlaşıb.