“QAZEL” MARKALI REYS AVTOBUSU YOLDAN ÇIXARARAQ ÇAYA DÜŞMÜŞDÜR
Bakı-Quba avtomobil yolunun 39-cu kilometrində ağır avtomobil qəzası baş vermişdir. Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən və içərisində 12 sərnişin olan “Qazel” markalı reys avtobusu körpüdən Sumqayıtçaya düşmüşdür. Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, avtobusun sürücüsü Xaçmaz sakini Xıdır Əliyev texniki nasazlığa görə maşını idarə edə bilməmişdir. Nəticədə, beş sərnişin, o cümlədən sürücü ağır yaralanmış və Sumqayıt təcili tibbi yardım xəstəxanasına aparılmışdır. Zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağırdır. Sumqayıt Şəhər Polis İdarəsi fakt üzrə təhqiqat aparır.