“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib
Bakı, 26 may, AZƏRTAC
Qarabağ Dirçəliş Fondu (QDF) və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə işgüzar görüş keçirilib.
QDF-dən AZƏRTAC-a verilən məlumata görə, “Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində keçirilən tədbirdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, ölkənin aparıcı şirkətlərinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında investisiya potensialı və biznes fürsətləri” mövzusunda təşkil olunan görüşün məqsədi həmin rayonların sosial-iqtisadi mənzərəsini, prioritet sektorlar üzrə yaranan investisiya imkanlarını investorlara ətraflı şəkildə təqdim etmək olub.
Görüşdə regiona yerli kapitalın cəlb olunmasını təşviq etmək, dövlət-özəl sektor dialoqunu gücləndirmək və regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrini nümayiş etdirmək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini vurğulayıb. Azərbaycanın bu cür nəhəng layihələri öz imkanları hesabına reallaşdırdığını qeyd edən İdarə Heyətinin sədri ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərin bərpa prosesindəki mühüm rolunu xüsusilə qeyd edib.
Rəhman Hacıyev donor və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edib, hər bir töhfənin Qarabağın dirçəlişinə birbaşa xidmət etdiyini vurğulayıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması regionun sürətli dirçəlişində həlledici rol oynayır. Hazırda həmin rayonlarda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və yaradılan əlverişli biznes mühiti sahibkarlar üçün geniş imkanlar açır.
Xüsusi nümayəndə, həmçinin regionda formalaşan yeni logistik imkanların, xüsusilə “Zəngəzur dəhlizi”nin və yeni tikilən nəqliyyat qovşaqlarının həm yerli, həm də beynəlxalq bazarlara çıxış baxımından strateji əhəmiyyətini vurğulayıb. O, bütün iş adamlarını bu tarixi quruculuq missiyasına qoşulmağa və təqdim olunan biznes fürsətlərindən yararlanmağa dəvət edib.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında aparılan bərpa-quruculuq layihələrinə, eyni zamanda, Qarabağ Dirçəliş Fondunun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinə həsr olunan videoçarxlar nümayiş olunub.
Sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qeyd olunan bölgədə ümumi investisiya imkanları, dövlət dəstəyi mexanizmləri və güzəştlər, tikinti sektorunun imkanları, kənd təsərrüfatı layihələrinin potensialı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni ekoloji modelin yaradılması və regionun turizm potensialı mövzuları ətrafında geniş təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra tədbir sual-cavab sessiyası və müzakirələrlə davam edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Dizayn Məktəbinin tələbələrinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunan xüsusi sərgisi təşkil olunub. Təqdim olunan layihələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində işğaldan azad edilmiş digər rayonların da investisiya potensialına həsr olunan analoji görüşlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, həmin görüşlərin davamı olaraq investorların Qarabağ və Şərqi Zəngəzurda görülən işlər və investisiya imkanları ilə tanış olmaq məqsədilə bölgəyə işgüzar səfərlərin təşkil olunması da planlaşdırılır.