Qəbələdə karantin rejimi qaydalarını pozaraq toy mərasimi təşkil edən şəxslər cərimələniblər
Bakı, 1 noyabr, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Mıxlıqovaq kəndində və Nic qəsəbəsində fərdi evlərin həyətyanı sahələrində təşkil olunan toy məclislərində 150-dən çox qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy məclislərinin təşkilatçıları Roman Eyyubov və Nəvai Əliyev inzibati məsuliyyətə cəlb olunublar. Onların hər biri 400 manat məbləğində cərimələnib.