QƏBƏLƏDƏ NAXÇIVAN MR-İN 80 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları əvvəlcə bu münasibətlə Qəbələ rayon mədəniyyət evində təşkil olunmuş fotosərgi ilə tanış olmuşlar. Ekspozisiyadakı fotoşəkillər Naxçıvan MR-in yarandığı dövrdən bu günədək onun iqtisadiyyatının, mədəniyyətinin, səhiyyə və təhsilinin inkişafından söhbət açır.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tədbiri açaraq, muxtar respublikanın tarixinə qısa ekskurs etmiş, Azərbaycanın bu dilbər guşəsinin adət-ənənələrindən, maddi mədəniyyət abidələrindən, sosial-iqtisadi inkişafından danışmışdır. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının tarixi, siyasi əhəmiyyətini, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana və muxtar respublikaya rəhbərliyi dövründə Naxçıvanın əldə etdiyi sosial-iqtisadi tərəqqini xüsusi vurğulamışdır.
Rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Əhmədiyyə Məmmədov, icra hakimiyyətinin məsul işçiləri Zahid Əfəndiyev, Azad Məmmədov çıxış edərək tədbirin iştirakçılarına Naxçıvan MR-in tarixi, bölgənin elmi potensialı, iqtisadi imkanları, həyata keçirilən islahatların uğurlu nəticələri, son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, sahibkarlığın inkişafı üçün görülən tədbirlər barədə ətraflı məlumat vermişlər.
Mərasim iştirakçıları Milli Məclisin deputatları Fəttah Heydərov, Vüqar Rəhimzadə və Naxçıvan MR-in Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalovun muxtar respublikanın 80 illik yubileyi ilə bağlı məruzələrini maraqla dinləmişlər.
Sonda Qəbələ məktəbliləri Naxçıvan MR-ə həsr olunmuş konsert proqramı ilə çıxış etmişlər.