Qəbələdə stolüstü tennis üzrə rayon turnirinin qalibləri mükafatlandırılıblar
Qəbələ, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Olimpiya İdman Kompleksində Zəfər Günü şərəfinə təşkil edilən stolüstü tennis üzrə rayon turniri başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 15 idmançı mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd rayonda stolüstü tennis idman növünü inkişaf etdirmək, yarış iştirakçılarının idman ustalıqlarını artırmaq, idmanın kütləviliynə nail olmaqdır.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, idmançıları əlamətdar tarixi gün - Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən danışıb.
Yekun nəticələrə əsasən, Ramiz Mikayılov turnirin qalibi adını qazanıb. Rubayl Qarayev və Artuş Qukasari müvafiq olaraq ikinci və üçüncü yerləru tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.