“Qəbələ”nin baş məşqçisi: Uzun müddətdir rəsmi oyuna çıxmırdıq
Bakı, 2 fevral, Nicat Məmmədov, AZƏRTAC
Uzun müddətdir rəsmi oyuna çıxmırdıq, matçın çətin keçəcəyini bilirdik.
AZƏRTAC xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Qırx altı yaşlı mütəxəssis bildirib ki, meydanda daim topa nəzarət edən komanda görmək istəyir: “Cütün taleyi hələ həll olunmayıb. Faiz nisbəti ilə dəyərləndirmək mümkün deyil. Komandamız düşündüyümüzdən daha artığını meydanda etdi. Qarşıdakı oyunlarda daha yaxşı olacaq”.
O, matçın sonlarında meydan sahiblərinin təzyiqinin normal olduğunu söyləyib: “Həm bu, həm də yorğunluq səbəbindən müdafiəyə çəkilmişdik. Patrik Robson komandaya qoşulduqdan sonra hücumda daha kəsərli olacağıq”.
“Sumqayıt” klubunun baş məşqçisi Aleksey Baqa: “Meydanda baş verənlərin çoxu bizim səhvlərimizdən oldu. Bu da təhlükəli vəziyyətlərə gətirib çıxarırdı. Rəqib təzyiqlərindən yox, məcburi səhvlərdən belə alındı”.
Qırx bir yaşlı baş məşqçi ötürmələrdən əlavə, hücumda qeyri-məhsuldar və “dişsiz” oynadıqlarını vurğulayıb: “Əli Qurbani sonradan oyuna qoşuldu. Onun üzərinə çox getmirəm. Çünki bu səhvlər təkcə ondan asılı deyildi. Ötürmələr dəqiq olmurdu”.