Qəhrəman həkimlərimizi tanıyaq
Bakı, 12 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Vətən müharibəsi zamanı cəbhə bölgəsində yaralı hərbçilərə tibbi yardım göstərən və onları həyata qaytarmağa çalışan qəhrəman həkimlər barədə məlumatlar yerləşdirilib.
AZƏRTAC nazirliyin instaqram səhifəsinə istinadla bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova hərbi əməliyyatların ilk günündən xəstəxanaya daxil olan yaralıların yuxusuzluq, aqressivlik, epilepik və nevrotik qıcolma, posttravmatik vəziyyətlərdə yaranan kəskin və xronik baş ağrılarını müalicə edib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, ehtiyatda olan zabit Nəsimi Həsənov Vətən müharibəsi zamanı hərbi həkim kimi cəbhədə yaralanan əsgər və zabitlərə tibbi yardım göstərib.
ATU-nun travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli, 44 günlük Vətən müharibəsi zamanı xəstəxanalara gətirilən yaralıları əməliyyat edərək onlara yenidən həyat bəxş edib.