Qərb bölgəsində məktəblilər arasında badminton üzrə Respublika çempionatının zona mərhələsi keçirilib
Şəmkir, 11 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şəhər və rayon mərhələsində qalib gəlmiş komandalarının iştirakı ilə məktəblilər arasında badminton idman növü üzrə Respublika çempionatının zona mərhələsi keçirilib.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışın məqsədi bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, sağlam həyat tərzinin təşviqi, şagirdlərin yarış təcrübəsinin artırılması və sinifdənkənar fəaliyyətlərin zənginləşdirilməsi olub.
2014–2015-ci il təvəllüdlü məktəblilərin iştirak etdiyi yarışın sonunda ilk üç yerin sahibi olan komandalar müəyyənləşib. I yerə çıxan Qazax şəhəri Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb liseyin komandası Respublika çempionatının final mərhələsində iştirak hüququ qazanıb.