Qeyri-iş günlərində paytaxt yollarında təmizlik işləri aparılıb
Bakı, 30 may, AZƏRTAC
28 May - Müstəqillik Günü ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalmasından yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində tunellər, yeraltı keçid, yol ötürücü və yol elementlərinin təmizlənməsi və yuyulması işləri görülüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmizlik işləri planlaşdırıldığı kimi, yəni mayın 27-29-da - qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılıb.
Belə ki, yeraltı keçid, tunellər, yol ötürücülərinin elementləri və səsboğucular, yol nişanları və yol elementləri, yol kənarları və yol ayrıcında quraşdırılmış dəmir tirlər, səki daşları yuyulub, yol kənarları və beton küvetlər təmizlənib.
Təmizlənmə və yuyulma işləri Bakı şəhərində bütün rayonlar üzrə həyata keçirilib.