Qida subyektlərinin nümayəndələri gigiyena tələbləri barədə məlumatlandırılıblar
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib.
Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıblar.
İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.