QİƏT: SÜLH VƏ SABİTLİK NAMİNƏ ƏMƏKDAŞLIQ
İyunun 25-də yaradılmasının 16-cı ildönümünü qeyd etmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) geniş Xəzər-Qara dəniz ətrafı regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. Analitiklər vurğulayırlar ki, regional əməkdaşlıq təşəbbüsü bu müddət ərzində irimiqyaslı quruma çevrilmişdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildə yaradılmışdır. Hazırda onun 12 üzvü var: Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna və Ermənistan. 13 dövlət, o cümlədən Belarus, Almaniya, ABŞ və Fransa müşahidəçi statusuna malikdirlər. Tezliklə onlara Böyük Britaniyanın və Yaponiyanın qoşulacağı da təxmin edilir.
Ötən 16 ildə QİƏT ölkələri arasında qurumun fəaliyyətinin 15-dən çox istiqaməti üzrə əməkdaşlıq həyata keçirilmişdir. Hazırda QİƏT-in yeni inkişaf mərhələsinə keçidi müşahidə olunur. Ona görə də üzv ölkələr arasındakı əməkdaşlıq və qarşılıqlı anlaşma, onların konkret addım atmaları nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün olduqca vacibdir.
QİƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurası üzvlərinin bu yaxınlarda Kiyevdə keçirilən 18-ci görüşündə məhz bu barədə söhbət getmişdir. İclasda Ukraynanın QİƏT-ə yarımillik sədrliyinin yekunları vurulmuşdur. Qurumun baş katibi Leonidas Xrizantopulos əldə olunmuş nəticələri uğurlu adlandırmışdır. Ekspertlər bu mərhələni iqtisadiyyatda, ticarətdə, bank sistemində, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, beynəlxalq cinayətkarlığa qarşı mübarizə, humanitar və digər sahələrdə regional və beynəlxalq qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəlməsi ilə səciyyələndirirlər. Ukrayna sədrlik estafetini Albaniyaya vermişdir.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin fikrincə, QİƏT-in bütün təşəbbüslərində və tədbirlərində yaxından iştirak edən Azərbaycan qurumun fəaliyyətinə layiqli töhfə verir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə və ölkəmizin Avropa birliyinə inteqrasiyasına kömək edir. Gələcək fəaliyyətin mühüm müddəaları QİƏT-in paytaxtımızda keçirilmiş zirvə görüşünün yekunlarına əsasən qəbul edilmiş Bakı Bəyannaməsində təsbit edilmişdir.