Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Bişkek, 18 yanvar (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuş, sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsi törədilən dövrdə Bakıda “Gənclik” nəşriyyatının baş redaktoru işlədiyini diqqətə çatdırmış və bu nəşriyyatda Qanlı Yanvarla bağlı çap edilən tarixi kitablar haqqında məlumat vermişdir.
Bildirmişdir ki, o illərdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev qırğından bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmişdir.
Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu Qırğızıstanın hakimiyyət orqanlarına, ictimai təşkilatlarına, burada akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinə və KİV-ə göndərilmişdir. Səfir demişdir ki, müvafiq sənəddə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin Bakıya yeridilməsi, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi haqqında məlumatlar yer almışdır.
Səfirliyin konsulu Fərhad Məmmədov, jurnalist Ramiz Məşədihəsənli, “Türkel” Fondunun prezidenti Hökümə Xəlilova, diasporumuzun üzvü Alla Qurbanova və başqaları keçmiş sovet ordusunun Bakıda və ölkəmizin bir sıra digər şəhərlərində törətdiyi vəhşilikləri pisləmiş, keçmiş sovet imperiyasının rəhbəri Mixail Qorbaçov başda olmaqla bu qanlı faciədə əli olanları ittiham etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek