İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev Tehran Fond Birjasının prezidenti Mir Motəhəzri ilə görüşmüşdür. Avropa və Asiya Fond Birjaları Assosiasiyasının (FİAS) Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizə gəlmiş qonaq 30 il fəaliyyət göstərən Tehran Fond Birjasının işi, yeni ticarət sistemi haqqında geniş məlumat vermiş, yaxın vaxtlarda Təbrizdə də birjanın nümayəndəliyinin açılacağını vurğulamışdır. O bildirmişdir ki, bu yaxınlarda İran parlamentində xarici sərmayəçilərin maraqlarının qorunmasına dair qanun qəbul edilmişdir və fond bazarının xarici sərmayəçilər üçün açılacağı gözlənilir. Tehran Fond Birjasında aparılan işlər Malaziya və İstanbul birjalarının modellərinə uyğundur.
Heydər Babayev bazar iqtisadiyyatına keçid mərhələsini yaşayan ölkəmizdə fond bazarının formalaşması xüsusiyyətlərindən danışmışdır. Komitənin sədri demişdir ki, obyektiv çətinliklərə baxmayaraq, Azərbaycanda qiymətli kağızlar bazarının təkmil infrastrukturu, beynəlxalq standartlara uyğun olan əhatəli hüquqi normativ baza yardılmış, xarici sərmayəçilərin hüquqlarının qorunmasına dair qanun qəbul edilmişdir. Respublikada özəlləşdirmə prosesi müvəffəqiyyətlə getdiyi üçün səhmdar cəmiyyətlərinin, səhmdarların sayı artır və korporativ bazarda ticarət canlanır. H.Babayev Azərbaycanda yeni qurum olan Bakı Fond Birjasının işini müsbət qiymətləndirmiş və onun perspektivi haqqında fikirlərini açıqlamışdır. Sədr demişdir ki, artıq İstanbul Fond Birjası ilə sıx işgüzar əlaqələr qurmuş Bakı Fond Birjası başqa ölkələrin birjaları ilə də əməkdaşlıq yaratmaq üçün tədbirlər görür.