Qlobal problemlər və müharibələr BMT-də islahatlara ehtiyac olduğunun sübutudur

Bakı, 4 mart, AZƏRTAC
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammiti keçirildi. Pandemiya dövründə Qoşulmama Hərəkatı beynəlxalq aləmə mühüm töhfələr verdi. Xüsusilə pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasına, “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbuluna nail olunması mühüm əhəmiyyətə malik idi. Bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm platformalardan birinə çevrilib. Təbii ki, buna Azərbaycanın sədrliyinin də əvəzsiz rolu təsir edib. Prezident İlham Əliyevin də bu Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan sədrliyi dövründə Hərəkatın institusional inkişafına güclü dəstək verib. Dövlətimizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Gündən-günə artan qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli baxımından Hərəkatın fəaliyyətini genişləndirməsi olduqca vacibdir. Məlumdur ki, BMT dünyanın ən nüfuzlu təşkilatlarından hesab olunurdu, lakin bu gün yaranan qlobal problemlərin həllində və ya baş verən qarşıdurmaların qarşısını almaq iqtidarında deyil. Artıq BMT-nin əksər qətnamələri işləmir, bu da təşkilata üzv olan dövlətlərin siyasi məqsədləri ilə yanaşı, həm də qurumun işləksizliyindən irəli gəlir. Təşkilat baş verən iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq və ərzaq qıtlığından, müstəmləkə zülmündən, müharibələrdən, xüsusilə də mina çirklənməsindən əziyyət çəkən xalqların mövcudluğuna baxmayaraq, hələ də təsirli tədbirlər həyata keçirə bilmir. Azərbaycan BMT-nin ölkəmizin ərazi bütövlüyünün bərpası haqqında qəbul olunmuş qətnamələrinin icrasını 30 il gözlədi, lakin bu baş tutmadı. Nəticə etibarilə bu hərəkətsizlik regionda müharibəyə səbəb oldu. Halbuki bu təşkilatın məqsədi və məramı xalqların haqlarının təmin olunması idi. Düşünürəm ki, bu gün baş verən qlobal problemlər, müharibələr bir daha BMT daxilində islahatlara ehtiyac olduğunun sübutudur. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, təşkilata üzv ölkələrin tərkibinə görə coğrafi baxımdan ədalətsizlik var”, - deyə M. Cəfərov qeyd edib.