“Qobustan dünyası” jurnalının Qaradağ kitabxanasında təqdimatı olub
Bakı, 10 aprel, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunun nəşri olan “Qobustan dünyası” elmi-metodiki populyar jurnalının Qaradağ rayon Mərkəzi Kitabxanasında təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı, jurnalın baş redaktoru Vəfa Hüseynova nəşrin məqsədindən danışıb, qoruğun rəsmi qeydiyyata alınmış ilk dövri mətbu orqanı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, jurnalın saydan-saya təkmilləşib inkişaf etməsi və oxuculara daha əlçatan olması üçün bütün mümkün imkan və vasitələrin maksimum istifadəsi nəzərdə tutulur.
Sonra “Qobustan - Minilliklərin kitabı” və “Qobustan-Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloq Qobustan Milli Tarix-Bədii Qoruğunun adından kitabxanaya hədiyyə olunub.
Hədiyyə olunan kitabların kitabxana fondunun zənginləşməsinə xidmət etdiyini bildirən Qaradağ rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova jurnalın əhəmiyyətindən danışıb, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği kimi şərəfli işdə redaksiya heyətinə uğurlar arzulayıb.
Tədbirdə “Qobustan dünyası” jurnalının növbəti saylarının və qoruğun gələcəkdə işıq üzü görəcək digər nəşrlərinin kitabxanaya təqdim olunması barəsində razılığa gəlinib.