Qobustan qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Qobustan Milli Tarix Bədii Qoruğunda xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Qobustan qoruğunun direktoru Vüqar İsayev 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın və Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsindən danışıb.
O, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması barədə də məlumat verib. Tədbirdə baş leytenant Rəşad Zülfüqarov və Vətən müharibəsi qazisi Elnur Əkbərov keçdikləri döyüş yolundan söz açıblar. Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının xeyli zəif olduğu, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığı diqqətə çatdırılıb.
Qazilər Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri ilə mütəmadi keçirdiyi görüşlər, onlara göstərdiyi diqqət və qayğı barədə yüksək fikirlər söyləyiblər.
Qazilərin çıxışından sonra Qarabağ döyüşlərini əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirin sonunda Mədəniyyət Nazirliyinin Həmkarlar ittifaqı ilə Qobustan qoruğunun birlikdə hazırladığı paylar qazilərə təqdim edilib.
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiya zallarını ziyarət edib və qədim qayaüstü təsvirlərlə yaxından tanış olublar.