Qobustanda Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində şəhid olan Bəxtiyar Məmmədovun şəhadətinin ildönümü ilə əlaqədar onun məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.
Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Bəxtiyar Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.