Qoşqar Təhməzli: Ərzaq məhsullarının təhlükəsizliyinə dair sertifikat “ASAN xidmət” mərkəzlərində veriləcək
Bakı, 2 may, AZƏRTAC
Ərzaq məhsullarının qida təhlükəsizliyi sertifikatının verilməsi “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Yəni “bir pəncərə” prinsipi ilə sahibkarlar “ASAN xidmət”in Bakıdakı və regionlardakı mərkəzlərinə müraciət edərək bu sertifikatı ala biləcəklər. Onlar sertifikatları, qida təhlükəsizliyi sahəsində həyata keçirilən qeydiyyatlarını, təsdiqedici kod nömrələrini “ASAN xidmət”dən alacaqlar. Azərbaycanda qida məhsulları istehsal edən müəssisələr məhsul çeşidinə görə sertifikatlaşdırmaya cəlb olunmayacaqlar. Müəssisələr özləri qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər və sadəcə, ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatları alacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
Qoşqar Təhməzli qeyd edib ki, sertifikatlaşma həm də idxalçı dövlətin tələbinə uyğun həyata keçiriləcək. Azərbaycanda qida məhsullarının ixracatı ilə məşğul olan sahibkarlıq subyektlərinin məhsul ixrac etdiyi ölkənin idxalatla bağlı tələbi olur. Bu, müxtəlif istiqamətlərdə ola bilər. İdxalatçı ölkələrin tələbinə uyğun olaraq, məhsullar üçün müvafiq fitosanitar, baytarlıq və qida təhlükəsizliyi sertifikatları veriləcək. Eləcə də ölkəmizdə fəaliyyət göstərən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri qida təhlükəsizliyi qeydiyyatına düşəcəklər. Sahibkarlıq subyektləri məhsulları üçün reyestrdən çıxarış alacaqlar. Bu xidmətlər də “ASAN xidmət” mərkəzlərində göstəriləcək.
Agentliyin sədri bildirib ki, qida məhsullarının qeydiyyatı bu il iyunun 1-dən başlayacaq. Qida məhsullarının zəncirlərinin bütün mərhələlərini əhatə edən subyektlər oraya daxil ediləcək. Bu, əsasən heyvandarlıq, bitkiçilik təsərrüfatlarını, qida məhsullarını istehsal edən qablaşdırma müəssisələrini əhatə edir. Qida məhsullarının saxlanılması, daşınması, satışı ilə məşğul olan, eyni zamanda, ictimai iaşə müəssisələri qida təhlükəsizliyinə görə qeydiyyata cəlb olunacaqlar. Bu proses də “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
“Sertifikatların verilməsi ilə bağlı hazırda sənədlər Tarif Şurasına təqdim olunub. Orada sertifikatlaşma ilə əlaqədar qiymətlər təyin olunduqdan sonra ödənişlər “ASAN xidmət” vasitəsilə həyata keçiriləcək və sertifikatlar orada veriləcək. Rüsumların məbləği çox da böyük olmayacaq”, - deyə Qoşqar Təhməzli vurğulayıb.