Qubada Zəfər Günü tədbirləri möhtəşəm atəşfəşanlıqla başa çatıb
Quba, 9 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.
Zəfər Günü ilə əlaqədar Quba rayonunda ekoloji aksiya təşkil olunub. Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Quba Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Axşam saatlarında isə Qubadan olan Vətən müharibəsi şəhidlərinin portretləri ilə yürüş təşkil olunub. Yürüşdə şəhid ailələri və qazilər də iştirak edib.
Zəfər Gününün sonunda Quba sakinləri möhtəşəm bayram atəşfəşanlığını izləyib.