QURUCULUQ PANORAMI
Biz AZƏRTAC-ın səyyar briqadasının silsilə materiallarının dərcini davam etdiririk. Həmin materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) həyata keçirilməsinin bəzi yekunlarından söhbət aşılır.
DƏVƏÇİ:
YENİLƏŞMƏ XƏTTİ
Bu yaxınlarda Dəvəçi rayonunda suveren Azərbaycanın enerji sistemi üçün həqiqətən inqilabi hadisə baş vermişdir - respublikada yeni su elektrik stansiyasının tikintisinə başlanmışdır. “Azərkörpü” şirkətinin inşa etdiyi Taxtakörpü stansiyası iki enerji blokunun hesabına 25 meqavat gücündə olacaqdır. Şirkət 2012-ci ilədək Dəvəçi rayonunun təpəlik ərazisində 142,5 metr hündürlüyündə bənd ucaldacaq, SES-in körpüsünü tikəcək, 8,7 kvadratkilometr sahədə tutumu təxminən 270 min kubmetr olan su anbarı inşa edəcəkdir. Yeri gəlmişkən, bu, rayonun əkin sahələri, bağları və otlaqları üçün yaxşı su ehtiyatıdır.
Biz təpələrin arasında dolaşıb, SES-in keçdiyi böyük yolun mərhələlərini tarix üçün əks etdirərkən, bu yaxınlaradək Xəzərdə ARDNŞ-in hasilat platformalarını quran gənc mühəndis-hidroinşaatçı Hikmət Nemətov bizə tikintidə 700 adamın, o cümlədən 300-ə yaxın dəvəçilinin çalışdığından danışdı. Qeyd etdi ki, SES-in tikintisi texnologiyası mövsümi, əsasən yaz-yay-payız iş rejiminə əsaslanır. Taxtakörpüdə güclü texnika - 100 yükünü özüboşaldan maşın, 160 vahid ağır tikinti texnikası cəmləşmişdir. SES-in üstün cəhətlərini isə hər bir məktəbli bilir: stansiyanı 5 il tikirsən, o isə “əbədi mənbə” - suyun təbiətdə dövranı hesabına 50 il sənə milyardlarla kilovat-saat elektrik enerjisi bəxş edir. Bir sözlə, Azərbaycanın neft hasilatından qazandığı vəsaitin yatırılması üçün olduqca sərfəlidir.
Taxtakörpü SES-in tikintisini “bəyənməyən” yeganə varlıq - hiyləgər tülkü qəflətən haradansa qarşımıza çıxdı, sonra şələ quyruğunu oynada-oynada təpələrin arxasında gözdən itdi. Nə etmək olar, bütün qonşulara yarımaq olmur.
Qalan işlər isə elə qonşu rayonlarda olduğu kimidir. İldə 10 min ton toyuq əti istehsal edən broyler fabrikində 1000 nəfər işləyir. Doğrudur, Azərbaycanın istehsal gücünə görə ikinci sayılan taxıl kombinatı (birinci - paytaxt Bakıdadır) ondan çox geri qalmır. Kombinatın direktor müavini Hacı Məmmədov öz müəssisəsini bizə göstərərkən fəxrlə vurğuladı ki, 110 nəfərin çalışdığı kombinat gündə 500 tonadək dən üyütməyə, 350 ton un hasil etməyə qadirdir. Elevatoru 50 min ton taxıl tutan kombinata xammal respublikanın fermer təsərrüfatlarından, eləcə də qonşu Rusiya və Qazaxıstandan daxil olur. Bir məsələ də əhəmiyyətlidir ki, kombinatın özünün beş toyuq ferması vardır və burada quşların yemlənməsi üçün üyüdülmüş dənin un kimi əmtəə dəyəri olmayan hissəsindən istifadə edilir. Başqa sözlərlə desək, tullantısız istehsalat göz qabağındadır: undan da istifadə olunur, kəpəkdən də.
Yeri gəlmişkən, rayonda tikintiyə böyük diqqət yetirildiyinin dəfələrlə şahidi olduq. Bir də dəvəçililər çox istəyirlər ki, rayonda kiçik də olsa, öz turizm mərkəzini yaratsınlar.
Dəvəçi Rayon İcra Hakimiyyətində vurğuladılar: “Bizim 6500 hektar ərazimiz potensial turizm zonalarıdır! Üstəgəl iki dövlət qoruğu - Çıraqqala və Şabran, bir də uroloji xəstələr üçün Qalaaltı sanatoriyası. Burada xəstələri nadir mineral su ilə müalicə edirlər. Bizim 3 min hektar sahəni əhatə edən ov yerlərimiz var!”.
İndi isə rayondakı sosial dəyişikliklərə nəzər salaq, çünki əslində SES də bu məqsədlə tikilir, un da buna görə üyüdülür. Demək belə, 2007-ci ildə Dəvəçi rayonunda yazıçıların, rəssamların və bəstəkarların yaradıcılıq evlərinin tikintisinə başlanmış, cari ildə isə 80 çarpayılıq yeni şəhər xəstəxanasını inşa etmək nəzərdə tutulmuşdur ki, buna da 4,5 milyon manat xərcləmək planlaşdırılır. İcra hakimiyyəti rayon mərkəzindəki kinoteatrı yenidən qurmağı və onun bazasında “Ailə və uşaqlar” mədəniyyət mərkəzi yaratmağı nəzərdə tutub. Başqa sözlə, 360 kvadratmetr ərazidə uşaq kitabxanası, ailəvi qiraət salonu, ailəvi kafe və hətta sərgi salonu yerləşəcəkdir. Sərgi salonunda bədii istedadı olan dəvəçililər yaradıcı təxəyyüllərinin məhsulunu öz həmvətənləri qarşısında nümayiş etdirəcəklər.
Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin və qaçqınların qayğısına qalmaq Dəvəçi rayonunun sosial siyasətinin əsas istiqamətlərindən biridir. Biz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə olduq.
Qəsəbə şurasının sədri Əmirəddin Mirzəliyev deyir: ”Biz 1993-cü ildə ermənilərin hərbi təcavüzü nəticəsində dədə-baba torpaqlarımızı tərk edərək, Saatlı rayonunda məskunlaşdıq. Orada çadırlarda, sonra isə metaldan quraşdırılmış evlərdə yaşadıq. Metal evin nə demək olduğunu bilirsinizmi? Yayda isti, qışda isə soyuq. Burada isə möhkəm daş evlərdir, bizim peyk televiziyamız da var. Lakin buna baxmayaraq, tezliklə öz tarixi torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayırıq”.
Qəsəbə şurası sədrinin arxasında dayanan qəsəbə qadınlarının çöhrələri isə qədim Sparta qadınlarının səbatlı simalarını xatırladırdı.
Dəvəçi rayonunu, bu ürəksıxan ovqatla tərk etmək istəmirdik və 3 nömrəli şəhər məktəbindən çıxan gənclə küçədə qarşılaşmağımız lap yerinə düşdü. Dəvəçili Namiq Camalov ingilis dili müəllimidir. Namiq 2004-cü ildə Azərbaycan Dillər Universitetini bitirərək, 8-11 siniflərdə ingilis dilindən dərs demək üçün doğma diyara qayıtmışdır. Gələn il aspiranturanın qiyabi şöbəsinə daxil olmağı planlaşdırır. Gələcək dissertasiyasının mövzusu isə “Azərbaycan və ingilis dillərində qohum köklər”dir.
Nə olar, bizə öz əhəmiyyətinə görə heç şübhəsiz, Dəvəçi rayonunun hüdudlarından kənara çıxan bu filoloji məsələ ilə bağlı elmi kəşfləri gözləmək qalır.
AŞIQLAR BURADAN İLHAM ALIRLAR
Salyan Muğanda öz tarixi, zəngin mədəniyyəti, aşıqları, şairləri, tanınmış maarifçi alimləri ilə fərqlənir. Bakıda sizə mütləq fəxrlə deyəcəklər ki, 2003-cü ilin oktyabrında hələ Azərbaycanın Baş naziri olan İlham Əliyev öz seçkiqabağı kampaniyasına məhz bu rayonda başlamış, Salyan camaatından böyük siyasətə xeyir-dua almışdır. İnzibati mərkəzə gəlməzdən əvvəl o, yenicə yaradılmış Şirvan Milli Parkında olmuş, onun açılışında iştirak etmişdir.
Muğanın bu cənnət guşəsində istər-istəməz Səməd Vurğunun ölməz misraları yada düşür:
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran.
Bir mən deyiləm ki hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran.
Milli parkın direktoru doktor Hartmurt Müller də həmin əlamətdar günü xatırlayaraq, söhbətini son dörd ildə görülmüş işlərdən nümunə gətirməklə tamamlayır:
- Azərbaycanın nadir təbiəti vardır. Bizim səylərimz və yerli hakimiyyətin köməyi ilə milli parkda artıq qoyun, keçi, inək otlamır. Təbiətin bu bənzərsiz guşəsində yalnız ceyranlar, canavarlar, çaqqallar, qamışlıq pişiyi və digər vəhşi heyvanlar qalmışdır. Məqsədimiz odur ki, mümkün qədər çox insan Şirvanın flora və faunasının gözəlliyini görə bilsin. Bunun üçün ekoturizmi inkişaf etdirməyi, turistlər üçün istirahət guşələri yaratmağı, suvenirlər istehsalına başlamağı nəzərdə tutmuşuq.
Bürkülü Şirvan düzündəki Qaraçala qəsəbəsinin yaxınlığında Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhur olan “Hacı Camalxan” kəndli fermer təsərrüfatının istehsalat korpusları görünür. Onun məhsulları MDB-nin və hətta Avropanın bazarlarında uğurla rəqabət aparır. Şirkətin sərəncamındakı bir neçə min hektar əkin sahəsində elit taxıl sortları, pambıq, tərəvəz, bostan bitkiləri yetişdirilir, alma, nar, ərik bağları salınmışdır.
“Hacı Camalxan” MMC-nin icraçı direktoru Əkbər Camalov deyir: “Ötən dörd il təsərrüfatımızın güclü sıçrayış etməsi ilə əlamətdar olmuşdur. Biz dövlətin yaratdığı şəraitdən maksimum istifadə edərək, istehsalı xeyli genişləndirdik, 150 ton gücündə konserv zavodu, pambıq emalı zavodu açdıq. Yaxın günlərdə trikotaj fabriki işə düşəcəkdir. Təsərrüfatda 386 nəfər çalışır, mövsüm dövründə isə onların sayı 2 minə çatır ...”
Ekspertlərin fikrincə, Şirvan düzündə yaradılmız bu əsl aqroşəhərciyin Cənubi Qafqaz regionunda analoqu yoxdur. Süd fermasında qolştenfriz cinsindən olan mal-qara saxlanılır. Hər inəkdən 25-30 litr süd sağılır. Gündəlik ət artımı isə bir kiloqramdan çoxdur. Sağım kompyuterlə idarə olunur. “Sansud” özəl süd zavodu Avropa standartları səviyyəsində işləyir. Prezident İlham Əliyevin dəstəklədiyi zavodun tikintisinə 2,5 milyon manat xərclənmişdir. Zavod layihə gücünə - sutkada 130 tona çatanda - burada 12 növ məhsul istehsal olunacaqdır. Artıq ucqarlarda da adi məhsula çevrilməkdə olan yoqurt istehsalı yoluna qoyulmuşdur. Bu məhsul Bakının, Sumqayıtın, ölkəmizin digər sənaye mərkəzlərinin bazarlarına göndəriləcəkdir.
Aşağı və Yuxarı Noxudlu, Aşağı Kürkəndi, Gomuşçu, Seyidsadıqlı, Xocalı və Ərəbqardaşbəyli kəndlərində içməli suyu təmizləmək üçün modul tipli qurğuların işə salınması kənd sakinləri üçün həqiqətən unudulmaz hadisəyə çevrilmişdir. Rayonun daha bir neçə kəndində insan əli ilə yaradılmış bulaqlar su qıtlığını aradan qaldırmışdır.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Sabir Əhmədov deyir: “Belə hadisələrdən ən təmtəraqlı sözlərlə danışmaq istəyirsən. Özünüz fikirləşin, axı, burada görün neçə nəsil təmiz içməli su arzusu ilə yaşayıb. Bu suyun kəndlərə Prezident İlham Əliyevin təşəbbüsü ilə gəlməsini insanlar ömür boyu xatırlayacaqlar. Sadə insanın evinə sevinc və bolluq gətirən Dövlət proqramı əsil xalq proqramına çevrilir.
Mənə Heydər Əliyevin dövründə yaşamaq və işləmək nəsib olmuşdur. Biz onu Muğanda dəfələrlə qarşılamışıq. Dəyişiklikləri görəndə baxışlarının necə mülayimləşdiyi, yeni uğurlara bizimlə birlikdə sevindiyi yadımdadır. Heydər Əliyev siyasəti uğurla davam etdirilir, ölkədə quruculuq prosesi vüsət alır”.
Ağsaqqalın sözlərinin təsdiqi olaraq qədim Muğan torpağının dirçəldiyindən xəbər verən bir neçə rəqəm gətirək. Məhsul istehsalının həcmi 2004-cü illə müqayisədə ikiqat, bir işçinin əmək haqqı 1,5 dəfə, rayonun iqtisadiyyatına yatırılan sərmayələr isə 4 dəfə artmışdır. İqtisadiyyatın bütün sahələri dinamik inkişaf etmiş, 10 mindən yuxarı yeni iş yeri açılmışdır.
ŞƏKİ:
BURADA MÜASİRLİKLƏ QƏDİMLİK SANKİ BƏHSLƏŞİR...
Şəki Avropanın ən qədim məxəzlərində xatırlanan dünyanın nadir şəhərlərindən biridir. Onun yaşı 3 min ilə yaxındır.
Bu gün isə rayonu çəkinmədən təzadlar zonası adlandırmaq olar. Burada insanların ənənəvi, əsrlər boyu təşəkkül tapmış həyat tərzində, onların fəaliyyətinin bütün sahələrində yeniliyin əlamətləri özünə qətiyyətlə yol açır. Zamanın nəbzinə uyğun olaraq rayonda yeni ixtisaslara yiyələnirlər, onun siması sürətlə dəyişir, müasir müəssisələr açılır, insanlar öz qüvvə və bacarıqlarının tətbiqi üçün daha çox imkanlar əldə edilər. Onların dünyagörüşü də dəyişir, təkcə vətənin deyil, həm də böyük ümumbəşəri məkanın bir hissəsi olduqlarını daha aydın hiss edirlər. Bütün bu dəyişikliklər son illərdə, xüsusən, respublika Prezidenti Şəkinin və Şəki rayonunun inkişafı haqqında müvafiq Sərəncam imzaladıqdan sonra baş vermişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı (2004-2008-ci illər) bu işi daha da sürətləndirmişdir.
Buna baxmayaraq, Şəki haqqında düşünərkən, əvvəlcə çoxlarının bu şəhər barədə təsəvvürlərinin - qədim diyar, turizm mərkəzi - təsiri altına düşürsən. Uzun illərdir Şəki ətri hər yanı bürümüş minlərlə qızılgüllə assosiasiya olunurdu. Memarlığın şah əsəri sayılan Şəki Xan sarayına baxıb nəinki zövq almaq, həm də onu kitab kimi “oxumaq” olar. Axı, əcdadlarımız onun nadir divar naxışlarında öz daxili aləmlərini əks etdirmişlər. Təsadüfi deyildir ki, YUNESKO bu sarayı dünya mədəni irsinin incisi kimi təsdiq etmişdir.
Şəkidə bir daha əmin olursan ki, “qoca tarix” və ənənəvi həyat tərzi ən müasir müəssisələrlə yanaşı “yaşaya” bilər. Gələcəyin cizgiləri məhz bu gün çəkilir, XXI əsrdə bu diyarın hansı nailiyyətlərlə zənginləşəcəyi və son nəticədə şəkililərin həyat səviyyəsinin keyfiyyətinin təməli məhz bu gün qoyulur.
Tanışlığa Orta Zəyzid kəndindəki holland pendiri və müxtəlif çeşidli süd məhsulları istehsal edən süd kompleksi - “ŞəkiAqro”dan başlayırıq. Bu məqsədlər üçün Hollandiyadan Şəkiyə 600 cins inək gətirilmişdir. Əlbəttə, “firma” qonaqların tələbatına cavab verən şərait - yem bazası, əl əməyindən istifadə edilməyən, yalnız aparatlarla idarə olunan, mexanikləşdirilmiş pəyələr yaratmaq lazım gəlmişdir. Buradakı təmizlik isə nümunəvi tibb müəssisələrində olduğu kimidir, əbəs deyil ki, bu komplekslə az qala şəkililər xüsusi fəxr edirlər. Çünki Qafqazda bu tipli yeganə müəssisə olmaqdan başqa, kompleks həm də öz ekoloji təmiz məhsullarını Türkiyə, Rusiya və Gürcüstana da ixrac etmək iqtidarındadır.
Yeni dövrün əlaməti olan bu təsərrüfat yüksək mədəniyyətin, qabaqcıl texnologiyanın, dünya təcrübəsinin vəhdətindən, bir də onun yaradıcısı və direktoru, türk Hilmi Temizin fədakarlığı nəticəsində yaranmışdır. H.Temizin sözlərinə görə, Azərbaycanda belə bir kompleksin işə salınması əsası müdrik Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar sayəsində mümkün olmuşdur. Hazırda aqrar-sənaye bölməsi sahəsində sınanmış siyasəti Prezident İlham Əliyev qətiyyətlə davam etdirir.
Hilmi Temiz deyir: “Azərbaycan iqtisadiyyatının sabitliyinə inanmasaydım, belə iri, böyük zəhmət və əziyyət tələb edən müəssisə yaratmağa cəsarətim çatmazdı”.
Beş inzibati mərkəzi elektrik enerjisi ilə təmin edən modul elektrik stansiyasına qaş qaralanda, hər yerdə fənərlər işıqlandırılanda gəlib çatdıq. Stansiya qeyri-adi mavi işıq şüalarında kosmik obyekti xatırladırdı. Bildirildi ki, qazla işləyən modulu qısa müddətdə “Avropa üslubunda” tikmişlər. İstehsalat prosesləri insanın iştirakını tələb etmir. Maşınların işə salınmasından tutmuş onların dayandırılmasınadək bütün prosesləri kompyuterlər idarə edir. Stansiyada şəkililər işləyirlər. Onlar müasir avadanlığın və texnologiyanın dilini yaxşı bilirlər. Stansiyanın direktoru Qulam Əsədov fəxrlə qeyd edir ki, onun işçilərinin yüksək peşəkarlığı barədə xəbərlər artıq respublikanın hüdudlarını aşmışdır. Təsadüfi deyildir ki, buna bənzər obyektin tikintisinə yardım göstərmək üçün şəkili mütəxəssisləri Moskva vilayətinə dəvət etmişlər.
Müasir obyektlər haqqında ətraflı danışmağımızın səbəbi budur ki, əvvəllər bu yerlərdə buna bənzər heç nə olmamışdır. Bunlar müasir Avropa ölkələri səviyyəsinə keçid dövrünü yaşayan respublikada baş verən sözün əsil mənasında möhtəşəm dəyişikliklərin bir növ rəmzidir.
Azərbaycanın Qafqazda ipəkçiliyin mərkəzinə çevrildiyi vaxtdan 1500 il, Şəkinin sənaye mərkəzinə çevrildiyi vaxtdan isə təxminən 200 il keçmişdir. 1861-ci ildə burada olmuş Aleksandr Düma hətta xeyli sayda barama alaraq vətəninə göndərmişdir. Hazırda Şəki Azərbaycan ipəyinin paytaxtı şöhrətini geri qaytarmağa çalışır. Bazara doğru yolda payına düşmüş böyük problemləri dəf etməyi bacarmış və “Şəki-İpək” ASC adlandırılmış bu kombinat hazırda yüksəliş dövrünü yaşayır. Yeni istehsalat sahələri açılır, məmulatın çeşidi genişlənir. İpəkçiliyin inkişafının yeni mərhələsində strateji məqsəd isə beynəlxalq bazara çıxmaqdır.
Təbiətin qoynunda olanda istər-istəməz bu bakirə gözəlliyi gələcək nəsillər üçün qoruyub saxlamaq barədə düşünürsən. Ona görə də ekoloji baxımdan təmiz yeni enerji mənbələrindən istifadə məsələsi bu gün daha kəskin durur. Bu istiqamətdə fəal addımlar da gündəlikdədir. Sovet dövründə ümumittifaq və beynəlxalq turizm marşrutları Şəkidən keçirdi, Şəki Azərbaycanın ən qonaq-qaralı şəhərlərindən biri idi və indi də belədir. Burada turizm sahəsində sanballı təcrübə toplamış insanların sayı heç də az deyildir. Onlardan biri məşhur “Karvansara” mehmanxanasının direktoru Şahin Hüseynovdur. Turistlərin uzun müddət xatırlayacaqları qədim memarlıq abidəsinə - karvansaraya yeni həyatı məhz o, bəxş etmişdir. Özü də təkcə ötən əsrlərin cazibəsi ilə deyil, həm də xidmətin səviyyəsi, eləcə də təklif edilən milli xörəklərin keyfiyyəti və çeşid müxtəlifliyi, xidmətin mədəni səviyyəsi ilə. Bir sözlə, rayonun turizm sahəsində də daha yüksək səviyyəyə çıxmaq imkanları var. Bunu təbiətinin gözəlliklərindən başqa, gözəllik tacı nadir Şəki Xan sarayı olan memarlıq abidələri də tələb edir. Böyük türk şairi Nazim Hikmət Şəki Xan sarayı haqqında demişdir: “Heç bir qədim abidəsi olmasaydı belə, Azərbaycan xalqı gözəlliyinə görə təkrarolunmaz sənət incisi olan təkcə bir abidəsi - Şəki Xan sarayı ilə fəxr etməyə layiqdir”.
İMİŞLİ:
RAYONUN YENİ PEŞƏSİ
Yeni əsr İmişlinin həyatına yeniliklər gətirməklə bərabər, bir çox adamların taleyini dəyişib, başqa məcraya yönəltmişdir. İqtisadiyyatın liberallaşdırılması, kənddə əsaslı islahatların aparılması qeyri-standart qərarlar və yanaşmalar tələb etmiş, yeni müəssisələrin, yeni sənətlərin yaranmasına zəmin yaratmışdır, halbuki əvvəllər bu barədə söhbət gedə bilməzdi.
Təkcə Qafqazda deyil, eləcə də bütün postsovet məkanında analoqu olmayan nəhəng şəkər zavodu iki il əvvəl məhz İmişli torpağında işə salındı. Respublikanın aqrar-sənayesində yeni sahənin yarandığından xəbər verən müəssisənin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək, kollektivə xeyir-dua verdi.
Hazırda yeni kompleksdə gündə 1000-1200 ton şəkər tozu istehsal edilir. Məhsul Azərbaycanın və xarici ölkələrin bazarlarına göndərilir. Zavodda 1200-dək adam çalışır.
Zavodun istehsalat komplekslərinin tikintisində iştirak etmiş Aydın Aslanov indi növbə rəisinin müavini işləyir.
O deyir: “Mən və yaşıdlarım burada yeni peşələrə yiyələnmişik. Yüzlərlə oğlan və qız texnoloji proseslərin idarə olunması üzrə təlim kursları keçmişdir. Kompyuter texnikası ilə idarə olunan bütün istehsalat avtomatlaşdırılmışdır.
Zavodun ərazisi müasir tərzdə abadlaşdırılmışdır. Kafe işləyir, zavod işçilərinin evləri də yaxınlıqdadır. Şəhər kənarında qaramal və davar saxlanılan yardımçı təsərrüfat fəaliyyət göstərir, zavod yeməkxanasını öz məhsulları ilə təmin edir.
Zavodun direktoru İsmayıl Müslümzadənin sözlərinə görə, ilk vaxtlar işləmək çox çətin idi. Axı, istehsalatı yoluna qoymaqla yanaşı, həm də ən müxtəlif məsələləri, o cümlədən sosial problemləri həll etmək lazım gəlirdi. Xammal tədarükü də təxirəsalınmaz problemlər sırasında idi. İndi vəziyyət sabitləşir. Ötən il İmişli, Saatlı, Sabirabad, Ağsu, Beyləqan, Füzuli, Ağcabədi, Cəlilabad və Biləsuvarda 4 min hektar sahədə şəkər çuğunduru yetişdirilmişdi. Əkin sahəsini iki dəfədən çox genişləndirmək planlaşdırılır. Bu işdə çuğundurçulara “ASİB-AQRO” MMC kömək edir. Məhsul xüsusi kombaynlarla yığılır. Şəkər tozunun keyfiyyəti yüksəkdir, qısa müddətdə İSO-dan keyfiyyət sertifikatı almışıq, məhsulumuz Avropa standartları ilə 15 balla qiymətləndirilir. “Coca-cola” firması ilə sıx əlaqələr yaradılmışdır.
Etil spirti, bitki yağı və qarışıq yem istehsal edən zavodların tikintisinə dair yeni layihələr var. Müəssisənin genişləndirilməsi isə yüzlərlə əlavə iş yerinin yaradılması deməkdir.
Gördüyümüz kimi, İmişlidə qeyri-neft sektorunun gələcək inkişafının möhkəm əsası qoyulmuşdur. Lakin belə sürətli inkişaf elektrik enerjisinə, məişət qazına və suya tələbatı da artırır. Bizə söylədilər ki, hazırda rayonda 330 kilovoltluq iki elektrik xəttinin tikintisi başa çatmaq üzrədir. Bu elektrik xətləri işə salındıqdan sonra elektrik enerjisini hətta qonşu ölkələrə, məsələn Gürcüstana, yaxud İrana nəql etmək mümkün olacaqdır. Tikintidə 150 nəfər, əsasən, imişlililər çalışır. Qeyd edək ki, dörd il ərzində rayonda 14 mindən çox iş yeri açılmışdır.
######
![]() |
![]() |

