QUS HİDDİNK: “BİZ AZƏRBAYCANLA OYUNA CİDDİ HAZIRLAŞMIŞIQ”
Bakı, 13 oktyabr (AZƏRTAC). Rusiya yığma futbol komandasının baş məşqçisi Qus Hiddink oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirmişdir.
Hollandiyalı mütəxəssis demişdir ki, Azərbaycan komandası ilə oyun bizim dünya çempionatının seçmə mərhələsində qrupdakı mövqeyimizə heç bir təsir göstərməsə də, biz bu görüşə çox ciddi hazırlaşmışıq.
Komandasının Almaniya ilə son oyununa toxunan baş məşqçi, məğlubiyyətdən (0:1) çox məyus olduqlarını söyləmişdir. O demişdir ki, Almaniyanı məğlub etsəydik, biz Bakıya tamam başqa əhval-ruhiyyədə gələrdik. Məğlubiyyət bizə pis təsir etsə də, yetirmələrim məşq etmişlər və Azərbaycan komandası ilə görüşə tam hazırdırlar.
Q.Hiddink son oyunda bir neçə futbolçunun sarı vərəqə limitinin dolduğu üçün onların əsas heyətdən kənarda qalacağını bildirmişdir. Əvəzində isə yığmaya “Moskva” klubundan Oleq Kuzmin və “Krılya Sovetov” komandasından Dmitri Tarasov ilk dəfə yığmaya cəlb olunmuşlar.
Azərbaycan komandasının Rusiya və Almaniya yığması ilə oyunlarını təhlil etdiyini deyən mütəxəssis rəqib komandanın futbolçularının yüksək texniki hazırlığını xüsusi vurğulamışdır.
Tədbir başa çatdıqdan sonra isə Rusiya komandasının mətbuat üçün açıq məşqi olmuşdur.
Xatırladaq ki, Azərbaycan və Rusiya yığma komandaları arasında oyun oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaqdır.
######
