Qusarda şəhid mayor Sənan Zamanovun doğum günü qeyd olunub
Qusar, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusarda Vətən müharibəsinin şəhidi mayor Zamanov Sənan Qahir oğlunun doğum günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının nümayəndələri, şəhidin döyüş yoldaşları və kənd sakinləri tərəfindən məzarı ziyarət olunaraq əziz xatirəsi yad edilib.
Qəhrəman döyüşçümüzün məzarı başında çıxış edənlər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olundu.
Sənan Zamanovun hərbçi yoldaşları şəhidin döyüş meydanında qəhrəmanlıqlarından danışıblar. Onların sözlərinə görə, düşmən keçilməz yerdə qurduğu postdan pulemyotla aramsız atəş açaraq əsgərlərimizi irəliləməyə qoymayıb. Mayor Sənan Zamanov həmin xətdə döyüşə son qoymağı qərara alır. Sənanın qəhrəmancasına düşmən postuna irəliləyərək oranı partlatması əsgərlərimizə itkisiz hücuma keçməyə və Suqovuşanı almağa imkan verir. Oktyabrın 1-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Sənan Zamanov igid komandir kimi əsgərlərin gözü qarşısında hərb tariximizə yazılacaq hünər göstərir.
Şəhidin atası Qahir Zamanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Qorxmaz komandir oktyabrın 2-də Qusar Şəhidlər xiyabanında dəfn olunub.
Mayor Sənan Zamanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.