Qusarda yüksək balla tələbə adını qazanan məzunlar mükafatlandırılıb
Qusar, 10 sentyabr, AZƏRTAC
Qusarda 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan məzunlar mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Qusar rayonunun ümumtəhsil məktəblərini 959 şagird bitirib. Məzunlardan 461 nəfəri ali təhsil müəssisələrinə sənəd verib və onların 330 nəfəri respublikanın ali təhsil müəssisələrinə qəbul olunub. 12 nəfər 600-700 bal, 31 nəfər 500-600 bal, 66 nəfər isə 400-500 bal intervalında nəticə göstərib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü, yeni məktəb binalarının tikildiyini, mövcud təhsil müəssisələrində təmir və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bütün bu tədbirlərin əsas məqsədi şagirdlərin daha yaxşı təhsil alması, onların müasir bilik və bacarıqlara yiyələnməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Rəhbər olduğu sinifdə bütün məzunlarının ali təhsil müəssisələrinə qəbul olunduğu, şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Qumru Çigniyeva, Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, sertifikasiya imtahanında 58 bal toplayaraq yüksək nəticə göstərmiş Ruqiyə Hüseynova, eləcə də Hil kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi, coğrafiya fənni üzrə üçqat Respublika Fənn Olimpiadası qalibi Qəhrəman Məlikovun müəllimi Nürəddin Yüzbəyov məzunları, onların valideynlərini və həmkarlarını təbrik ediblər.
Bu il Qusarda ən uğurlu nəticəni tam orta təhsil pilləsini qızıl medalla başa vuran Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Qayıbova qazanıb. O, həm də riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısıdır. Emiliya Qayıbova cari ilin buraxılış imtahanında maksimum 300 bal toplayaraq, ümumilikdə, 689 balla Bakı Ali Neft Məktəbinin data analitika ixtisasına qəbul olub.
Gənc məzun əldə etdiyi nəticənin arxasında müəllimlərinin zəhməti, valideynlərinin dəstəyi və özünün davamlı əməyinin dayandığını qeyd edib.
Tədbirdə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim olunub, yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəkkürnamələri ilə təltif ediliblər.
Bununla yanaşı bir sıra qabaqcıl təhsil işçiləri, eləcə də sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlər fəxri fərmanla təltif olunublar.
Tədris ilində 400-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunların, həmçinin müxtəlif müsabiqə və fənn olimpiadalarında yüksək nəticələr əldə etmiş şagirdlərin hamısı mükafatlandırılıb.
Müxbir- Elxan Yusifli